“Qarabağ” Çempionlar Liqasının 2025/2026 mövsümünə 2-ci təsnifat mərhələsindən başlayacaq.
İdman.biz xəbər verir ki, Ağdam klubu PSJ-nin finala yüksəlməsindən sonra bu hüququ əldə edib.
Finalda qarşılaşacaq “İnter”lə PSJ Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəni öz ölkəsinin çempionatından qazanıb. Bu da o deməkdir ki, turnirin qalibi olacaq komanda artıq növbəti mövsüm üçün yerini təmin edib.
Belə olduğu üçün Çempionlar yolunun təsnifat mərhələlərində oynamalı klublardan ən yüksək reytinqlisi birbaşa Liqa mərhələsinə yüksəlib. Bu da Yunanıstan çempionu “Olimpiakos”dur.
2-ci təsnifat mərhələsində bir komandanın azalması isə ilk raundda oynamalı olan klublara təsir edib. Buradan iki ən reytinqli komanda növbəti mərhələdə iştirak hüququ qazanıb. Yalnız “Slovan”la (33,500) müqayisədə reytinqi aşağı olan “Qarabağ” (32,000) ikinci nəticə ilə ilk raunddan azad edilib.
Bu, ilk belə hadisə deyil. Cari mövsümdən tətbiq olunan yenilikdən bir dəfə də faydalanan “Qarabağ” yarışa II təsnifat mərhələsindən başlamışdı.
İdman.biz