UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə qrup mərhələsinin yekunlaşması ilə milli komandaların əldə etmək hüququ qazandığı mükafatlar da müəyyənləşib. Azərbaycan millisinin hesablanan ümumi qazancı 1,5 milyon avro təşkil edir.
İdman.Biz xəbər verir ki, turnirin maliyyə bölgüsünə əsasən, D Liqasında iştirak edən hər federasiyaya 750 min avro ayrılır. Qrup qalibi isə eyni məbləğdə əlavə mükafat qazanır.
Azərbaycan millisi D Liqasının ikinci qrupunu birinci pillədə başa vurduğu üçün AFFA-nın hesablanan ümumi mükafatı 1,5 milyon avroya çatıb.
Digər divizionlarda ödənişlər daha yüksəkdir. A Liqasının hər iştirakçısına 2,25 milyon avro, qrup qalibinə isə əlavə 2,25 milyon avro nəzərdə tutulur. Beləliklə, bu liqanın qrup birinciləri 4,5 milyon avroluq ümumi mükafat əldə etmək hüququ qazanırlar.
B Liqasında iştirak haqqı 1,5 milyon avro, qrup qalibinin əlavə mükafatı da 1,5 milyon avrodur. C Liqasında isə hər iki ödəniş 1,25 milyon avro təşkil edir.
Bu bölgüyə əsasən, qrup qaliblərinin ümumi qazancı A Liqasında 4,5 milyon, B Liqasında üç milyon, C Liqasında 2,5 milyon, D Liqasında isə 1,5 milyon avroya çatır.
Bundan əlavə, turnirin final mərhələsində ilk dörd yeri tutan komandalar üçün ayrıca mükafatlar nəzərdə tutulub. Çempion altı milyon, finalçı 4,5 milyon, üçüncü yerin sahibi 3,5 milyon, dördüncü pillədə qərarlaşan komanda isə 2,5 milyon avro əlavə ödəniş əldə edəcək.
Beləliklə, A Liqasında qrup qalibi olan və daha sonra turnirin çempionluğunu qazanan komandanın sabit mükafatları 10,5 milyon avroya çata bilər.
Hesablamalara əsasən, Millətlər Liqasının cari mövsümündə iştirak və nəticələrə görə sabit ödənişlərin ümumi məbləği 122,5 milyon avro təşkil edir.
Qeyd edək ki, UEFA-nın bu ödənişləri birbaşa futbolçulara deyil, milli federasiyalara ayrılır. Federasiyaların oyunçulara verə biləcəyi mükafatlar isə ayrıca razılaşmalarla tənzimlənir.
