Əlcəzair millisi 23 oyunluq seriyanı biabırçı məğlubiyyətlə başa vurdu

18 Noyabr 2026 01:56
34
Əlcəzair millisi 23 oyunluq seriyanı biabırçı məğlubiyyətlə başa vurdu

Əlcəzair millisinin Afrika Millətlər Kubokunun seçmə mərhələsində 23 oyun davam edən məğlubiyyətsizlik seriyası başa çatıb.

İdman.Biz xəbər verir ki, Əlcəzair yığması dördüncü turda səfərdə Toqoya 0:3 hesabı ilə uduzub.

Lome şəhərində keçirilən qarşılaşmanın taleyi hələ ilk hissədə həll olunub. Meydan sahiblərindən Tibo Klidje 18-ci və 32-ci dəqiqələrdə fərqlənərək dubl edib. Kennedi Boatenq isə 38-ci dəqiqədə üçüncü qolu vurub.

“Stats du Foot”un məlumatına görə, Əlcəzair millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində sonuncu dəfə 2018-ci ilin oktyabrında Beninə 0:1 hesabı ilə məğlub olmuşdu. Beləliklə, komandanın yeddi ildən artıq davam edən məğlubiyyətsizlik seriyası sona çatıb.

Patris Nevenin rəhbərlik etdiyi Toqo millisi isə bu qələbə ilə seçmə mərhələdə mühüm nəticəyə imza atıb.

Qeyd edək ki, “Qarabağ”ın sabiq futbolçusu Yasin Benzia Əlcəzair millisinin bu qarşılaşma üçün heyətində yer almayıb.

İdman.Biz