“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi futbolçu karyerasının ən uğurlu dövründə ciddi psixoloji problemlərlə üzləşdiyini və hətta intihar barədə düşündüyünü etiraf edib.
İdman.Biz xəbər verir ki, 41 yaşlı keçmiş futbolçu Qebbi Loqanın “Life at the Midpoint” podkastında şəxsi həyatının ən çətin illərindən danışıb.
Runi bildirib ki, həmin dövrdə futbol meydanında uğurlar qazansa da, gündəlik həyatında ciddi çətinliklər yaşayırdı.
“İçki içdiyim vaxtlarda özümü iki gün evə qapadır və yalnız içki içirdim. Maraqlıdır ki, bütün bunlar futbolçu karyeramın ən yaxşı dövrünə təsadüf edirdi”, - deyə o bildirib.
Keçmiş hücumçunun sözlərinə görə, vəziyyət o həddə çatmışdı ki, insanlarla ünsiyyətdən tamamilə uzaqlaşmaq istəyirdi:
“Elə bir vəziyyətə düşmüşdüm ki, intihar barədə düşünürdüm. Heç kimi görmək istəmirdim. Küçədə insanlarla qarşılaşmaq, mağazalara getmək belə istəmirdim. Futbol meydanında özümü həmişə rahat hiss edirdim, amma meydandan kənarda çox çətinlik çəkirdim”.
Runi problemlərini uzun müddət gizlətdiyini, zəif görünməkdən çəkindiyi üçün kömək istəməyin ona çətin gəldiyini də etiraf edib.
“Psixoterapevtlə danışırdım, mənimlə nə baş verdiyini anlamağa çalışırdım. Geriyə baxanda görürəm ki, karyeramın zirvəsində idim, yeni ailə qurmuşdum, oğlum dünyaya gəlmişdi. Həyatımın ən xoşbəxt dövrü olmalı idi, amma əksinə, ən ağır günlərimi yaşayırdım”, - deyə o əlavə edib.
İngiltərə millisinin sabiq kapitanı çətin dövrdən çıxmasında həyat yoldaşı Kolin Runinin böyük rol oynadığını vurğulayıb.
“Kolin mənə çox kömək etdi. Vəziyyət o qədər ağır idi ki, məni tərk edə bilərdi. Amma yanımda qaldı və bütün bunların öhdəsindən gəlməyimə kömək etdi”.
Qeyd edək ki, Runi 2004-2017-ci illərdə “Mançester Yunayted”də çıxış edib. O, İngiltərə klubu ilə beş dəfə Premyer Liqanın, bir dəfə Çempionlar Liqasının və Avropa Liqasının qalibi olub. Sabiq hücumçu 253 qolla klub tarixinin ən məhsuldar futbolçusudur.
