Afrika Millətlər Kubokunun seçmə mərhələsində Azərbaycan klublarının iki legionerinin çıxış etdiyi Mozambik millisi növbəti qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, J qrupunun dördüncü turunda Efiopiyanın qonağı olan Mozambik rəqibini minimal hesabla məğlub edib - 1:0.
Qonaqlara üç xal qazandıran yeganə qolu 38-ci dəqiqədə Stenli Ratifo vurub. Qolun ötürməsini Ceni Katamo edib.
“Qarabağ”ın müdafiəçisi Bruno Lanqa və “Zirə”nin yarımmüdafiəçisi Rikardo Martins Quima qarşılaşmada 90 dəqiqə iştirak ediblər. Lanqa 44-cü dəqiqədə sarı vərəqə alıb.
Maraqlıdır ki, komandalar arasında noyabrın 13-də Mozambikdə keçirilən ilk oyunda Efiopiya eyni hesabla qalib gəlmişdi. Bu dəfə isə Mozambik səfərdə revanş almağı bacarıb.
Dörd turdan sonra yeddi xal toplayan Mozambik millisi J qrupunda ikinci pillədə qərarlaşıb.
