“Real Madrid”in sabiq müdafiəçisi, hazırda “Bayer”də çıxış edən Lukas Vaskes “Barselona”nın və İspaniya millisinin futbolçusu Lamin Yamal haqqında yüksək fikirlər səsləndirib.
İdman.Biz “Cadena SER”ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu 19 yaşlı hücumçunun bu qədər gənc yaşda dünya futbolunun əsas ulduzlarından birinə çevrilməsini heyrətamiz hadisə adlandırıb.
“Düşünürəm ki, Laminin istedadı futbol tarixində indiyədək görmədiyimiz bir hadisədir. Bu qədər böyük istedada malik, belə gənc yaşda bu dərəcədə vacib rol oynayan futbolçu... Ən azı mən karyeram ərzində belə bir şey görməmişəm”, - deyə Vaskes bildirib.
İspaniyalı müdafiəçi Yamalın artıq dünya futbolunun ən böyük ulduzları sırasında yer aldığını vurğulayıb:
“Əvvəlki illərdə də ‘Qızıl top’ uğrunda mübarizə aparan möhtəşəm futbolçularımız olub. Xavi, İnyesta və Raul kimi oyunçular ilk üçlükdə yer alıblar. Amma Lamin artıq böyük ulduz statusuna sahibdir”.
Qeyd edək ki, Vaskes uzun illər “Real Madrid”in formasını geyinib və 2025-ci ildə “Bayer”ə keçib.
