“İnter Mayami”nin hücumçusu Lionel Messi Argentina Futbol Assosiasiyasından (AFA) onun adından və görüntülərindən kommersiya məqsədilə istifadəni dayandırmağı tələb etməyə hazırlaşır.
İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu federasiyanın prezidenti Klaudio Tapianın rəhbərliyi altında həyata keçirilən fəaliyyətlərdən narazıdır. Messinin ətrafı onun fotoşəkillərindən, videolarından və digər görüntülərindən kommersiya gəliri əldə etmək məqsədilə istifadəni qadağan edən hüquqi bildiriş hazırlayır.
Münaqişənin əsas səbəblərindən biri reklam tərəfdaşları ilə yaranan fikir ayrılığıdır. 2026-cı il dünya çempionatı zamanı AFA argentinalı pivə istehsalçısına Messinin görüntüsündən reklam kampaniyasında istifadə etməyə icazə verib. Halbuki futbolçunun Amerikanın “Michelob” brendi ilə müqaviləsi var. Nəticədə Messinin nümayəndələri onun beynəlxalq sponsorlarına izahat verməli olublar.
Messinin narazılığının digər səbəbi AFA ətrafında baş verən maliyyə qalmaqalları və federasiya rəhbərliyinin fəaliyyətində ehtimal olunan qanun pozuntuları ilə bağlı aparılan araşdırmalardır.
Qeyd edək ki, Messi 2026-cı il oktyabrın 6-da Argentina millisindəki karyerasını başa vurub. Beninə qarşı 3:0 hesabı ilə yekunlaşan vida görüşündə 39 yaşlı hücumçu penaltidən qol vurub və iki məhsuldar ötürmə edib.
