Ronaldo - 910, Messi - 850, Oveçkin - 866: rekordlara doğru

Xəbərlər
18 Noyabr 2024 22:44
139
Ronaldo - 910, Messi - 850, Oveçkin - 866: rekordlara doğru

Bir neçə gün əvvəl Kriştiano Ronaldonun 1000-ci qolunu vurmağı hədəflədiyini açıqlaması gündəm olmuşdu.

İdman.biz xəbər verir ki, karyerası ərzində 910 dəfə fərqlənən portuqaliyalı forvard bu gecə Xorvatiya ilə oyunda da rəqib qapısına yol tapmaqla qol hesabını artıra bilər.

Lionel Messi də, yəqin ki, “1000 qol” hədəfi barədə düşünür. Argentinalı indiyədək bütün yarışlarda 850 qol vurub.
Karyerasını davam etdirən digər futbolçulardan Robert Levandovski isə 1000-ə çatmaq üçün bundan sonra da 350 dəfə topu rəqib qapılarından keçirməlidir. Polşalı 36 yaşınadək bunu 650 dəfə bacarıb.

Digər idman növlərində də qol rekordları ilə bağlı qızğın yarış gedir. Məsələn, hokkeydə. Bu gün “Golden Knights” ilə oyunda (5:2) het-trik edən “Capitals”ın sol cinah hücumçusu Aleksandr Oveçkin NHL-də qollarının sayını 866-ya çatdırıb. Kriştiano Ronaldo kimi yaşı 39 olan rusiyalı hokkeyçi ondan fərqli, hələ ki, 1000 qol vurmağı hədəfləmir. Oveçkin NHL-də 894 dəfə fərqlənmiş Ueyn Qretskinin rekordunu yeniləmək arzusundadır.

Tanınmış rusiyalı jurnalist İqor Rabiner də Oveçkinlə bağlı çox nikbindir: “Baxın, mən getdikcə daha çox inanmağa başlayıram ki, Qretskinin rekordu bu mövsüm yenilənə bilər. Tfu-tfu-tfu! Kaş səhhəti qaydasında olsun. Dahiyə çatmağa 28, şəxsi rekorda isə 29 qol qalıb”.

Bu il müsahibələrinin birində Oveçkin belə deyib: “Lokaut və pandemiya yaşanmasa idi, fikrimcə, Qretskinin rekordu artıq qırılmış olardı. Amma təəssüf ki, həyatda belə məqamlar olur”.

Vaşinqton klubunun kapitanı bildirir ki, Qretskinin özü çətin anlarda ona dəstək olur. "Oyunum alınmayanda Qretski bəzən mənə yazır: "Narahat olma, hər şey alınacaq”. O mənim tərəfimdədir. Əgər Qretski kimi insan məni dəstəkləyirsə, bu, çox əladır. O, dünyanın ən yaxşı oyunçusu və gözəl insandır”, - NHL saytı Oveçkindən belə sitat gətirir.

Futbolla başladığımız mövzunu futbolla da bitirək. Rusiyalı hokkeyçi “Messi, yoxsa Ronaldo?” sualına belə cavab verib: “Əlbəttə, Messi. Əvvəldən o, “Barselona”ya gələndə demişdim: “Bu ən bəyəndiyim oyunçudur”. İdman nailiyyətlərinə görə. Onunla tanışam, amma necə bir insan olduğunu bilmirəm. Sadəcə Messinin topla etdiklərindən xoşum gəlir. Ronaldonun sürəti və zərbəsi var. Amma istənilən futbolçudan soruşun, məncə, çoxu “Messi” deyəcək”.

İdman.biz