“Bizim üçün heç-heçə də kifayətdir, ancaq bu, təhlükəli fikir ola bilər”

Xəbərlər
15 Noyabr 2024 16:25
584
“Bizim üçün heç-heçə də kifayətdir, ancaq bu, təhlükəli fikir ola bilər”

Sabah UEFA Millətlər Liqası çərçivəsində Estoniya futbolçuları ilə qarşılaşacaq Azərbaycan millisi üçün bu oyun qrupda sonuncu – 4-cü yerdən qurtulmaq baxımından çox vacibdir.

İdman.biz xəbər verir ki, Tallinndə öz aralarındakı görüşdə 3:1 hesablı qələbə qazanan estonlar komandamızı üç xal qabaqlayır. Ona görə də Azərbaycan millisi Qəbələdəki qarşılaşmada ancaq qalib gəlməyə çalışacaq. Şübhəsiz, Estoniya da uduzmamağı hədəfləyib.

Estoniya futbolunun tanınmış simaları eksklüziv olaraq İdman.biz üçün qarşıdakı oyunla bağlı fikirlərini bölüşüblər.
143 oyunla milli komandanın ən çox formasını geyinmiş üç futbolçusundan biri olan Marko Kristal vaxtilə həm də Azərbaycan komandası ilə yeddi qarşılaşmada çıxış edib və bir qol vurub:

“Bütün əvvəlki görüşləri iki bərabər səviyyəli komandanın qarşılaşması kimi xatırlayıram. Sizin komandada həmişə texnikalı oyunçular daha çox olub, biz isə meydanda çox çalışmağa arxalanmışıq.
Qarşıdakı oyun asan olmayacaq, çünki Azərbaycan millisi öz meydanında hər kəs üçün, həqiqətən, çətin rəqibdir. Düzdür, nəticələriniz həmişə uğurlu alınmır, lakin oyunlar bütün rəqiblər üçün çətin olur.
Estoniyalı futbolçularla müqayisədə sizin oyunçuların çoxu hər həftə daha yaxşı liqada oynayır, amma vacib olan məqam budur ki, Estoniyanı məğlub etmək istəyirsinizsə, son matçlarda olduğu kimi, komanda olaraq daha yaxşı çıxış etməlisiniz”.

Azərbaycan komandası ilə əvvəlki oyunlardan 6-da forma geyinən və bir dəfə fərqlənən İndrek Zelinski isə 27 qolla Estoniya millisinin tarixində ikinci məhsuldar oyunçudur:

“Tarixən futbolçularınız texniki və fiziki cəhətdən yaxşı səviyyədə olublar. Estoniyada isə müdafiə, təşkilatçılıq və fiziki güc daha yaxşıdır. İki fərqli oyun nümayiş etdirən komandanın qarşılaşması futbolu maraqlı edir. Tarixdəki nəticələr də göstərir ki, milli komandalarımızın görüşləri həmişə buna uyğun olub. Qarşıdakı görüş də fərqli deyil. Taktikaya və hazırlığa təsir edə biləcək yeganə məqam komandaların qrupdakı mövqeyidir.
Bizim üçün hətta heç-heçə də kifayətdir. Ancaq bu, təhlükəli fikir ola bilər. Son qarşılaşmada bəxtimiz gətirdi və Azərbaycanın qolundan sonra ikinci dəfə fərqlənə bildik.
Azərbaycanın çox təcrübəli və yaxşı məşqçisi var və əminəm ki, o və milli komandanız işimizi çətinə salacaqlar. Estoniya komandası və oyunçuları lazım olan nəticəni əldə etmək üçün ən yaxşı keyfiyyətlərini nümayiş etdirməli və bütün 90+ dəqiqə ərzində oyuna köklənməlidirlər. Sizə, Azərbaycan komandasına və xalqınıza uğurlar arzulayıram!”

Rasim
İdman.biz

Məqalədə: