Vidadi Rzayev: “Gəncədə uşaq futbolu üçün ayrılan pulları basıb yeyirlər”

Xəbərlər
13 Noyabr 2024 16:58
189
Vidadi Rzayev: “Gəncədə uşaq futbolu üçün ayrılan pulları basıb yeyirlər”

“Gəncədə uşaq futbolunun inkişafı üçün lazımı şərait yoxdur”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Vidadi Rzayev deyib.

O, Gəncədə keçirilən futbol turnirində U-8 və U-11 komandalarının şəraitsizlikdən yarışdan imtina etmələrinə münasibət bildirib.

Onun sözlərinə görə, əvvəllər belə kütləvi yarışlar Göygöldə keçirilirdi. Amma bu dəfə fərqli məkan seçilib.

“Gəncə” futbolunun yetirməsi 40-a yaxın komandanın bu qərarını normal qarşıladığını deyib: “Çünki şərait olmalıdır. Ona görə də uşaq futbolumuz bu vəziyyətdədir. Təəssüflər olsun ki, XXI əsrdə yaşayırıq, amma bu kimi məsələlər öz həllini hələ də tapmayıb. Gəncədə uşaq klublarının heç geyimləri yoxdur. Bütün pulları basıb yeyirlər. Bunları danışmaqdan yorulduq. Bu barədə adam nə qədər danışar? Uşaqlar oynamağa top belə tapmırlar. Hamı deyir ki, Gəncə futbolun mərkəzidir. Amma belə şey yoxdur”.

Rzayev Gəncədə artıq uşaq futbolunun məhv olduğunu da vurğulayıb: “Bunların da hamısını klubun rəhbərliyi edib. Mən “Kəpəz”də işləyəndə də bu vəziyyətdə idi. Bütün sözlərimin arxasında dururam. Başqa klublarda belə şey yoxdur. Həftənin əvvəlində “Turan Tovuz”un akademiyasında olduq. Uşaqlar üçün bütün şərait yaradılıb”.

Qeyd edək ki, Xezerxeber.aza 40-a yaxın komandanın yarışdan imtina səbəbi müvafiq şəraitin yaradılmaması və əsasnamədə nəzərdə tutulan təminatın verilməməsi ilə əlaqələndirilib.

Banuçiçək Hüseynli
İdman.biz