“Malmö”nün 100-cü rəqibi – “QARABAĞ” - VİDEO

Xəbərlər
30 Sentyabr 2024 11:28
1 197
“Malmö”nün 100-cü rəqibi – “QARABAĞ” - VİDEO

Oktyabrın 3-də “Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda evdə “Malmö”nü qəbul edəcək.

İdman.biz xəbər verir ki, İsveç təmsilçisi Bakıda avrokuboklarda iştirakı tarixində 100-cü rəqibi ilə qarşılaşacaq.

İndiyə kimi qitə miqyaslı yarışlarda 99 komanda ilə qarşılaşan “Malmö” bu rəqiblərlə 236 görüş keçirib. Komandanın 99 rəqibindən daha çox qarşılaşdığı “Beşiktaş”dır. İndiyə kimi 6 dəfə qarşılaşmış bu komandalar hələ noyabrın 6-da 7-ci dəfə də üz-üzə gələcəklər. İsveçlilərin rəqibləri sırasında ikinci pilləni isə bir neçə gün öncə 5-ci dəfə qarşılaşdığı “Reyncers” ələ keçirib.

“Malmö” avrokuboklardakı 236 oyununda 87 dəfə qalib gəlib, 51 dəfə heç-heçə oynayıb, 98 dəfə məğlub olub, top fərqi isə 313-337-dir. Göründüyü kimi 100-cü rəqibinə İsveç klubuna 100-cü məyusluğu yaşatmaq qismət olmayacaq.

Öz növbəsində “Malmö” “Qarabağ”ın qitə yarışlarında 82-ci rəqibi olacaq. “Köhlən atlar” öncəki 81 rəqiblə 183 dəfə qarşılaşıb. Komandamızın ən çox qarşılaşdığı rəqib 5 dəfə üzləşdiyi “Şerif”dir.

Cümə axşamı Bakıda meydana 70-ci qitə qələbəsi üçün çıxacaq ağdamlılar indiyədək 69 görüşdə qalib gəlib, 46 dəfə heç-heçə oynayıb, 68 dəfə məğlub olublar. Top fərqi 222-235-dir.

Vüqar Məmmədov
İdman.biz

Məqalədə: