“Birinci hissədə oyunumuz alınmadı və əks-hücum zamanı qol buraxdıq. İkinci yarıda məşqçinin etdiyi dəyişikliklər özünü göstərdi”.
Bu sözləri İkinci Liqa təmsilçisi “Zəngəzur”un futbolçusu Tural Qürbətov deyib.
Təcrübəli futbolçu beşinci turda “Kür-Araz”a qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb.
“Bundan sonra daha yaxşı futbol sərgilədik, ard-arda qollar vurduq və sonda qələbə qazandıq. Beş oyuna doqquz xal bizim komandamız üçün çox da yaxşı nəticə deyil. İlk turda “Ağstafa Gəncləri” ilə qarşılaşmada məğlub olduq. “Marafon”la oyunda da 2:0 öndə olduğumuz halda qırmızı vərəqə aldıq və məğlub yenildik. Bu oyunlarda yol verdiyimiz səhvlər nəticələrimizə təsir etdi. Bütün bunlar bizim üçün dərs oldu. İnşallah, bundan sonra həmin səhvləri təkrarlamamağa çalışacağıq və qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, “Zəngəzur” - “Kür-Araz” qarşılaşması 5:1 hesabı ilə başa çatıb. “Zəngəzur” İkinci Liqada beşinci turdan sonra doqquz xalla dördüncü pillədə qərarlaşıb.
