Lixtenşteyn millisinin iki futbolçusu peşə öhdəlikləri səbəbindən Azərbaycanla oyuna yığma komanda ilə birlikdə yollana bilməyib.
İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin rəqibi oktyabrın 1-də Bakıda keçiriləcək Millətlər Liqasının oyunu ərəfəsində qeyri-adi kadr problemi ilə üzləşib.
Belə ki, hücumçu Filip Qassner və yarımmüdafiəçi Yakob Lorens işləri ilə əlaqədar millinin hazırkı səfər toplanışında iştirak etmirlər. Digər futbolçu Feliks Obervaditser isə təhsilinə görə komandaya tam şəkildə qoşula bilməyib. Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fünfştük hələ toplanış başlamazdan əvvəl qeyd etmişdi ki, onun yetirmələrinin əhəmiyyətli hissəsi futbolu iş və ya təhsillə birləşdirir. Buna görə də evdən təxminən iki həftə uzaqda qalmaq onlar üçün ayrıca problemə çevrilir.
Qeyd edək ki, Lorens Vaduçda korporativ və idarəetmə konsaltinqi ilə məşğul olan şirkətdə çalışır. Paralel olaraq futbolçu Lixtenşteyn Universitetində təhsil alır. Klub səviyyəsində Lorens Avstriyanın dördüncü səviyyəli futbol divizionu olan Forarlberq Elit Liqasında çıxış edən “Blau-Vayss Feldkirx” klubunu təmsil edir.
23 yaşlı Qassnerin əsas iş yerinin hazırda harada olduğu etibarlı açıq mənbələrdə açıqlanmır. Lakin yerli media da onun işinə görə komandada olmadığını qeyd edir. Bununla yanaşı, futbolçu Avstriyanın üçüncü divizionu olan Regional Liqa Qərbdə çıxış edən “Hohenems” klubunda oynayır.
Lixtenşteyn toplanış zamanı daha bir itki ilə üzləşib. Hücumçu Fərhat Sağlam sentyabrın 24-də Litvaya qarşı keçirilən oyunda (0:2) meydana çıxıb. Lakin daha sonra şəxsi səbəblərdən milli komandanın düşərgəsini tərk edib və Malta ilə növbəti görüşə yollanmayıb. Onun əvəzinə komandaya Vilyam Pitsi dəvət olunub.
Yeri gəlmişkən, əvəzləmə kifayət qədər qeyri-adi alınıb. 31 yaşlı Pitsi sadəcə “Baltsers” klubunun futbolçusu deyil, həm də komandanın baş məşqçisidir. O, yayda klubun sükanı arxasına keçib və eyni zamanda futbolçu kimi meydana çıxmaqda davam edib. “Baltsers” İsveçrə futbol sisteminin beşinci səviyyəsi olan 2. Liqa İnterregionalda çıxış edir.
Sağlam Vaduçda anadan olub, lakin türk köklərinə malikdir. Futbolla bağlı mənbələrdə o, Lixtenşteyn-Türkiyə futbolçusu kimi göstərilir. Lixtenşteyn Futbol Federasiyasının rəsmi profilinə əsasən, 24 yaşlı futbolçunun hazırkı məşğuliyyəti tələbədir. Bununla yanaşı, onun adi iş təcrübəsi də var. Sağlam 2023 və 2024-cü illərdə ölkənin futbol federasiyasının administrasiyasında yarımştat çalışıb.
Hazırda Sağlam “Ruggell” klubunda çıxış edir. “Baltsers” kimi, bu Lixtenşteyn klubu da İsveçrə çempionatında - ölkə futbol piramidasının beşinci səviyyəsi olan 2. Liqa İnterregionalda iştirak edir.
Qeyd etmək lazımdır ki, Lixtenşteyn millisinin Bakıya səfəri də kifayət qədər qeyri-adi marşrutla baş tutub. Sentyabrın 24-də komanda evdə Millətlər Liqası çərçivəsində Litvaya qarşı oyun keçirib, daha sonra Maltaya yollanıb. Sentyabrın 27-də Lixtenşteyn burada meydan sahibləri ilə yoldaşlıq görüşündə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub. Komanda evə qayıtmayıb. Matçdan sonrakı gecə xüsusi çarter reysi ilə birbaşa Maltadan Bakıya uçub. Beləliklə, sentyabrın 28-dən Lixtenşteyn millisi Azərbaycan paytaxtında və qarşıdakı görüşə hazırlaşır.
Azərbaycan - Lixtenşteyn matçı oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xatırladaq ki, Millətlər Liqasının hazırkı turnirində ilk oyununda Ayxan Abbasovun rəhbərlik etdiyi Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib – 1:1.
