Rəşad Sadıqov: "Bizi nə qədər vacib oyun gözlədiyini bilirik"

Xəbərlər
21 Avqust 2024 20:31
861
Rəşad Sadıqov: "Bizi nə qədər vacib oyun gözlədiyini bilirik"

"Sabah bizi vacib və maraqlı oyun gözləyir".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis Konfrans Liqasının pley-offunda "Omoniya" ilə səfərdə keçiriləcək ilk oyundan əvvəl mətbuat konfransında iştirak edib. Sadıqov oyunun əhəmiyyətini vurğulayıb. "Artıq iki aydır ki, avrokuboklarda iştirak edirik. Sabah pley-offun ilk oyunun keçirəcəyik. Rəqibimiz təcrübəli və keyfiyyətli komandadır. "Omoniya" Azərbaycan futboluna yaxşı tanışdır. İstər "Qarabağ", istərsə də, "Qəbələ" ilə oyunlardan xatırlayırıq. Son zamanlarda baş məşqçi dəyişikliyi baş verib. Yeni futbolçular transfer olunub və bu komandanın oyununda özünü göstərir. Sabah bizi gərgin oyun gözləyir".

Baş məşqçi səfər matçında uğurlu nəticə qazanıb, Bakıda mərhələ adlamaq arzusunda olduqlarını deyib: "Təbii, futbolçularla danışıqlar aparılır. Sabah bizi nə qədər vacib oyun gözlədiyini bilirik. Pley-offa əvvəlki mərhələlər və yaxud tarixi oyun kimi deyil, fərqli hazırlaşırıq. Bizə sabahkı 90 dəqiqə maraqlıdır. Bu rəqibə qarşı səfərdə uğurlu çıxış etmək istəyirik. Şanslarımızı Bakıdakı matça saxlamağa çalışacağıq. Doğma azarkeşlər qarşısında mərhələ keçən tərəf olmaq istəyirik. Bu istiqamətdə iş gedir. İnşallah nəticəsini sabah və cavab oyununda görərik".

Qeyd edək ki, "Zirə" ilə "Omoniya" arasında ilk oyun səfərdə, cavab matçı bir həftə sonra Bakıda olacaq.

İdman.biz