Dani Olmo İspaniya millisinin heyətində Dünya Çempionatında keçirdiyi uğurlu turnirdən sonra “Barselona”dakı hədəfindən danışıb.
İdman.Biz xəbər verir ki, 28 yaşlı futbolçu “La Vanguardia”ya müsahibəsində mundialda göstərdiyi səviyyəni “Barselona”da da nümayiş etdirmək istədiyini bildirib.
“Dünya Çempionatında özümü əla hiss etdiyim və yaxşı oyunlar nümayiş etdirdiyim həqiqətdir. Bu, möhtəşəm turnir idi.
“Barselona”da da nümayiş etdirmək istədiyim səviyyə məhz budur. Oyunumda müəyyən sabitlik çatışmazlıqları olan dövrlər yaşanmışdı, lakin artıq uzun müddətdir ki, özümü həqiqətən yaxşı hiss edirəm. Düşünürəm ki, həm milli komandada, həm də “Barselona”da oyuna hələ çox şey qata bilərəm. Mənim hədəfim budur”, – deyə Olmo bildirib.
Olmo Dünya Çempionatında İspaniyanın uğurunda əsas fiqurlardan biri olub. O, klub səviyyəsində müntəzəm oyun praktikasının olmadığı dövrlərin yaşandığını da etiraf edib.
Yarımmüdafiəçi Hansi Flikin mundialdan sonra onun meydandakı dəqiqələrini diqqətlə idarə etdiyini söyləyib.
Olmo həmçinin “Barselona” və İspaniya millisində fərqli taktiki sistemlərin tətbiq olunduğunu, milli komandada futbolçulara daha çox mövqe sərbəstliyi verildiyini bildirib. O, hər iki sistemdə özünü rahat hiss etdiyini və komandalarına daha çox töhfə verə biləcəyini vurğulayıb.
