“Əfsuslar olsun ki, “Zirə” məğlub oldu”.
Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov deyib.
Veteran futbolçu Avropa Liqasının I təsnifat mərhələsində “Zirə”nin “Şerif”ə 1:2 (penaltilərdə 4:5) hesabı ilə uduzduğu matçı şərh edib. O bildirib ki, qəsəbə təmsilçisi yaxşı mübarizə aparıb: “Həm səfərdə həm də ev oyununda “Zirə” öndə olan tərəf idi. Belə vacib görüşdə qırmızı vərəqə alıb azlıqda qalmaq komandalar üçün çox böyük çətinliklər yaradır. Təmsilçimiz pis təsir bağışlamadı. 10 nəfərlə qalsaq da, matçı penaltilərə qədər aparmaq oldu. 11 metrlik cərimə zərbələrində məğlubiyyətin səbəbi təcrübəsizlikdir. Fuad Bayramov penaltini pis vurmamışdı. Mən özüm də vaxtı ilə bu zərbələri vurmuşam. Belə vacib oyunlarda 11 metrlik cərimə zərbəsi vurarkən, gərək özünə inamın çox olsun. İnanaq ki, “Zirə” qarşıdakı oyunda Konfrans Liqasında özlərini yaxşı tərəfdən göstərəcəklər”.
Hüseynov qırmızı vərəqənin matçda həlledici rol oynadığını deyib: “Zirə” “Şerif”i keçməliydi. Onlar əvvəlki “Şerif” deyillər. Moldovada qalib gəlmişdik, burda da hesabda öndə idik. Qırmızı vərəqə olmasaydı, “qartallar” mərhələ adlayan tərəf olacaqdı”.
Qeyd edək ki, Avropa Liqasında mübarizəni dayandıran “Zirə” yoluna Konfrans Liqasının II təsnifat mərhələsində davam edəcək. Rəşad Sadıqovun komandası "Dunayska Ştreda" (Slovakiya) ilə üz-üzə gələcək. Tərəflər arasında ilk oyun iyulun 25-də Bakıda, cavab matçı 1 həftə sonra Slovakiyada olacaq.
Emin Ağa
İdman.biz