Qurban Qurbanov: “Oyunlar dinamik keçdi”

Xəbərlər
9 İyul 2024 23:41
416
Qurban Qurbanov: “Oyunlar dinamik keçdi”

"Bütün futbolçularımızın 90 dəqiqə meydanda olması çox vacib idi".

İdman.biz xəbər verir ki, bunu Avstriyada təlim-məşq toplanışı keçən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəsssis klubun saytına açıqlamasında “Kayzerslautern” (1:3) və “Viktoriya” (2:1) ilə bu gün keçirilən yoxlama oyunlarını şərh edib: "Avstriyadakı ilk oyun günü yaxşı alındı. Bütün futbolçularımızın 90 dəqiqə meydanda olması çox vacib idi. İki yaxşı rəqiblə qarşılaşdıq. Hava şəraiti çox isti olsa da, oyunlar dinamik keçdi. Düzdür, günün ilk matçında məğlub olduq. Amma bu görüşdə qolları fərdi səhvlərdən buraxdıq”.

Qurban Qurbanov komandanın Avstriyadakı hazırlıq prosesini də dəyərləndirib: “Hazırlığın vacib olan ikinci mərhələsindəyik. Mövsümün hazırlıq prosesini yoxlama oyunları ilə tamamlamaq istəyirik. Bu gün keçirilən hər iki matçdan da, futbolçulardan da razı qaldım. Toplanışın qarşıdakı bir həftəsi bizim üçün çox vacibdir. Bu müddətdə futbolçuların idman formalarını tam geri qaytarmalı və bəzi texniki səhvləri aradan qaldırmalıyıq. Bütün komanda üzvləri çox həvəslə, istəklə hazırlıq keçir. Avstriya toplanışında olduğumuz müddətdə onların hər birindən razıyam”.

Qeyd edək ki, "Qarabağ"ın Avstriya toplanışı iyulun 6-da start götürüb və ayın 17-dək davam edəcək.

İdman.biz