“Sumqayıt”ın yeni transferi: “Onun rəyi məni çox sevindirdi”

Xəbərlər
9 İyul 2024 12:32
235
“Sumqayıt”ın yeni transferi: “Onun rəyi məni çox sevindirdi”

“Bu kluba gəldiyim üçün çox xoşbəxtəm”.

Bunu İdman.bizə “Sumqayıt”ın braziliyalı yarımmüdafiəçisi Fernando Medeyros deyib.

28 yaşlı futbolçu Azərbaycan klubuna transferini dəyərləndirib. O bildirib ki, komandaya tezliklə adaptasiya olacağına inanır: “Klub haqqında məlumat almaq üçün ilk zəng etdiyim şəxs bir vaxtlar “Eqnatiya”da birlikdə oynadığım Vüsal İsgəndərli oldu. Onun rəyi məni çox sevindirdi. Özümü burda yaxşı hiss edirəm. Hamı məni çox yaxşı qarşıladı. Komandada Cordan Rezabala, klubun prezidenti Riad Rəfiyev və fiziki hazırlıq üzrə məşqçi Cerard Bernardo mənimlə ana dilimdə danışır. Bu ilk vaxtlar üçün kluba yaxşı adaptasiya olunmağıma çox kömək edir”.

Medeyros Konfrans Liqasında onları “Fehervar”la qarşıda gözləyən oyunla bağlı hədəflərinə də toxunub: “Bu rəqibi keçmək üçün şansımızın nə qədər olduğunu yalnız baş məşqçi deyə bilər. Mən ancaq hazırlıqda əlimizdən gələnin də artığı üçün çalışacağımıza zəmanət verə bilərəm. Bu da məşqçinin bizdən tələb etdiklərini uğurla yerinə yetirmək üçün bizə böyük güc və inam verir”.

Qeyd edək ki, Braziliyanın “Santos” klubunun yetirməsi olan Medeiros “Sumqayıt”la 2+1 illik müqavilə imzalayıb. Fernando son mövsümü “Eqnatiya”da (Albaniya) keçirib. O, "Sumqayıt"da 11 nömrəli formada çıxış edəcək.

Emin Ağa
İdman.biz