“Şimal”ın baş məşqçisi: “Çətin olacağını bilirik”

6 Oktyabr 2026 14:17
98
“Şimal”ın baş məşqçisi: “Çətin olacağını bilirik”

“Sıralarımıza yeni qoşulan oyunçuların uyğunlaşması baxımından fasilə həqiqətən işə yaradı. Rəsmi matçların olmamasının mənfi tərəfi də var, ritmdən düşürük”.

Bu sözləri Birinci Liqa təmsilçisi “Şimal” futbol komandasının baş məşqçisi Tural Cəlilov dördüncü turda “Xankəndi”yə karşı keçirəcəkləri matç öncəsi deyib.

Xaçmaz təmsilçisinin çalışdırıcısı milli fasilə dönəmində keçirilən hazırlıq prosesindən və rəqibin gücündən söz açıb.

“Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə üç yoxlama oyunu keçirdik. Oyuna gəlincə, “Xankəndi”nin yeni baş məşqçisi var. Komanda bir müddət öncə Röyal Nəcəfova tapşırılıb. Ötən mövsüm “Baku Sportinq”də çox yaxşı işlər görmüşdü. Bizə çətin olacağını bilirik və oyuna ciddi hazırlaşırıq. Ümumiyyətlə, “Şimal” üçün bu çempionatda hər xal önəmlidir. Qələbə qazansaq, lap yaxşı olar, amma ən azı uduzmamaq üçün əlimizdən gələni edəcəyik”, - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, Birinci Liqanın dördüncü turu çərçivəsində keçiriləcək “Şimal” - “Xankəndi” qarşılaşması oktyabrın 9-da Şamaxı OİK stadionunda baş tutacaq. Matçın start fiti saat 15:30-da səsləndiriləcək.

İdman.Biz