UEFA Bakı Olimpiya Stadionuna yenidən baxış keçirəcək

6 Oktyabr 2026 15:17
83
UEFA Bakı Olimpiya Stadionuna yenidən baxış keçirəcək

“UEFA nümayəndələri “Sabah” futbol klubunun Çempionlar Liqasındakı ev oyunlarını keçirəcəyi Bakı Olimpiya Stadionuna yenidən baxış keçirəcəklər”.

Bu barədə İdman.Biz-ə açıqlamasında “Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Klub rəsmisinin sözlərinə görə, UEFA nümayəndələrinin növbəti baxışı Çexiyanın “Slaviya Praqa” komandası ilə oyundan bir neçə gün əvvəl baş tutacaq.

Həmidov bildirib ki, ilk baxış zamanı UEFA rəsmiləri stadionla bağlı rəy və təkliflərini təqdim ediblər:

“UEFA Çempionlar Liqasının əsas mərhələsinin tələbləri klubumuza bəllidir. Həm stadion rəhbərliyi, həm də klub olaraq həmin standartların təmin edilməsi üçün intensiv işlər aparılır. Hazırda nəzərdə tutulan işlərin böyük hissəsi yekunlaşıb. Qarşılaşma gününədək arena tam hazır vəziyyətə gətiriləcək”.

Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını Bakı Olimpiya Stadionunda keçirəcək. “Bayquşlar” oktyabrın 13-də Çexiyanın “Slaviya” komandasını qəbul edəcək.

İdman.Biz
Məqalədə: