Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçisi Okan Burukun əvvəllər narazılıq etdiyi almaniyalı hakim Daniel Zibert yenidən İstanbul təmsilçisinin oyununa təyinat alıb.
İdman.Biz xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin beşinci turunda “Qalatasaray”ın İngiltərənin “Aston Villa” futbol komandası ilə qarşılaşmasını Zibert idarə edəcək.
Almaniyalı referi daha əvvəl, 2024-cü ilin avqustunda “Qalatasaray”ın İsveçrənin “Yanq Boyz” komandasına 2:3 hesabı ilə məğlub olduğu görüşdə də iş başında olub.
Həmin qarşılaşmadan sonra Okan Buruk hakimin təyinatına etiraz edərək diqqətçəkən açıqlama verib:
“İsveçrənin almandilli bölgəsinin komandası ilə oynayırıq, oyuna isə almaniyalı hakim təyin olunur. Yəqin ki, matça avtomobillə gəlib. Ümid edirəm, cavab qarşılaşmasına da azərbaycanlı hakim təyin edərlər”.
Türkiyəli mütəxəssis həmin vaxt Zibertin oyunu idarə etməsindən də narazılığını ifadə edib.
İki ildən sonra eyni hakimin yenidən “Qalatasaray”ın matçına təyinat alması Burukun əvvəlki açıqlamasını gündəmə gətirib.
Qeyd edək ki, “Qalatasaray” - “Aston Villa” qarşılaşması noyabrın 24-də İstanbulda, RAMS Park stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
