Elçin Məmmədov: “Heç bir kluba hələ lisenziya verilməyib”

Xəbərlər
25 Aprel 2024 17:22
193
Elçin Məmmədov: “Heç bir kluba hələ lisenziya verilməyib”

2024/25-ci illər mövsümündə UEFA-nın klub yarışlarında, Azərbaycan Premyer Liqasında və I Liqasında iştirak etmək üçün lisenziyaların verilməsi tarixi müəyyənləşib.

Bu barədə İdman.bizə AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, Lisenziya Komissiyası müraciət etmiş klubların sənədlərinə baxaraq may ayının 15-də yekun qərarını verəcək: “Bizim bir neçə lisenziya növümüz var. Kişilərdən ibarət komandalar üçün UEFA, Premyer Liqa, Birinci Liqa lisenziyası verilir. Hər bir lisenziya üçün müxtəlif klublar müraciət edib. Onların adlarını açıqlaya bilməyəcəm. Heç bir kluba hələ lisenziya verilməyib. Premyer Liqa yarışlarının əksəriyyətində çıxış edən klublar avrokuboklara lisenziya üçün müraciət ediblər. Daim oynayan, hər zaman müraciət edənlər artıq təcrübəlidirlər və onlar üçün lisenziya almaq rahatdır. Çünki tələbləri bilirlər. Dəqiq sayı isə ayın 15-də açıqlayacağıq. Proses gedir və klublar sənədləri təqdim edirlər. Hər şeyin sonunda bütün məsələlərə aydınlıq gələcək”.

Banuçiçək Hüseynli
İdman.biz