Final öncəsi “11”lər - TƏHLİL

Təhlil
24 Aprel 2024 14:31
Final öncəsi “11”lər - TƏHLİL

Bu gün Azərbaycan kubokunun 2023/24 mövsümünün finalçıları bəlli olacaq.

İdman.biz xəbər verir ki, “Qəbələ” “Zirə”ni, “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

Bu görüşlərdən sonra 32-ci Azərbaycan kubokunun həlledici matçının iştirakçıları dəqiqləşəcək. İki dəfə yarımçıq qalan turnirdə 30-cu final baş tutacaq.

Finalda köhnə adlar

Yarımfinalda olan komandaların hər biri əvvəllər də həlledici görüşdə iştirak edib. Bu isə o deməkdir ki, finalda yeni ad olmayacaq. 1992-ci ildən təşkil olunan yarışda ümumilikdə 18 komanda final oynayıb. Bu rəqəm ən azı bir il dəyişməz qalacaq.

“Neftçi” rekordunu yeniləyə bilmir

Azərbaycan kubokunun finalında iştirak sayında mütləq rekord “Neftçi”yə məxsusdur. Bakılılar 11 dəfə həlledici matçda oynayıblar. Evdəki ilk qarşılaşmada 0:4 hesabı ilə uduzan “ağ-qaralar”ın “Qarabağ” səddini keçməsi və öz rekordunu yeniləməsi inandırıcı deyil. Bu, hətta mümkünsüz sayılır. Artıq çempionluğu təmin edən Ağdam klubunun belə böyük üstünlüyü əldən verməsi üçün dünyanın 8-ci möcüzəsi reallaşmalıdır.

“Qarabağ” rəqibinə çatır

Rekordunu yeniləyə bilməyəcək “Neftçi”yə şərik də çıxacaq. Belə ki, 10 finalda oynamış “Qarabağ” rəqibini mübarizədən kənarlaşdırmaqla onların rekordunu təkrarlayacaq. 11-ci finalın astanasında olan Ağdam təmsilçisi 1 il əvvəlki status-kvonu bərpa edəcək. Paytaxt təmsilçisi məhz ötən il 11-ci finalına yüksəlməklə “Qarabağ”ı keçmişdi.

11-ci

“11”lərdən danışarkən bu rəqəmin “Zirə”dən də uzaq deyil. “Neftçi” 11 final oynayıbsa, “Qarabağ” 11-ci belə matça doğru gedirsə, qəsəbə klubu ən azı 2 dəfə yarımfinalı keçən 11-ci komanda olacaq. Tarixində bir finalı olan “Zirə” belə göstəriciyə malik 8 klubdan biridir. Hələlik yalnız 10 klub 2 və daha çox final görüb.

Üçüncülük şansı

“Qəbələ” rekordçulardan çox geri qaldığı kimi “Zirə”ni də xeyli qabaqlayır. “Qırmızı-qaralar” artıq 5 final oynayıb. Bu gün yarımfinal səddi adlansa, 6-cı belə uğur qeydə alınacaq. Qəbələnin eyniadlı təmsilçisi bu göstəricidə “Şamaxı”ya çataraq 3-cülüyə şərik çıxacaq. Hazırda isə “Qəbələ” “Xəzər Lənkəran”la eyni sayda finala yüksəlib.

Qeyd edək ki, final görüşü iyunun 2-də keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: