Kristensen bir neçə həftə oynamayacaq

21 Sentyabr 2026 00:28
84
Kristensen bir neçə həftə oynamayacaq

İspaniyanın “Barselona” futbol komandasının müdafiəçisi Andreas Kristensen bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

İdman.Biz xəbər verir ki, klubun tibbi müayinəsindən sonra 30 yaşlı futbolçunun sol budunun dördbaşlı əzələsinin ön düz əzələsində zədə aşkarlanıb. “Barselona” bərpa müddətini dəqiq açıqlamasa da, Kristensenin qarşıdakı həftələrdə komandaya kömək edə bilməyəcəyini bildirib.

Danimarkalı müdafiəçi “Sevilya” ilə matç zamanı əvəzlənməsini istəyib. Kristensen zədədən ciddi təsirlənib və “Sanşes Pisxuan” stadionunda ehtiyat oyunçular skamyasında göz yaşlarını saxlaya bilməyib.

Futbolçunun əvvəlki illərdə də zədə problemləri yaşaması onun “Barselona”da davamlı çıxış etməsinə mane olub. Cari mövsümdə isə o, Hans-Diter Flikin komandasında mühüm rol oynamağa başlayıb.

Qeyd edək ki, “Barselona” Kristensenin meydana qayıdış tarixinin onun bərpa prosesinin gedişindən asılı olacağını açıqlayıb.

İdman.Biz