Vüsal İsgəndərli: “Türkiyədə etdiyim səhvləri təkrarlamamağa çalışıram” - MÜSAHİBƏ

Müsahibə
11 Sentyabr 2023 16:17
96
Vüsal İsgəndərli: “Türkiyədə etdiyim səhvləri təkrarlamamağa çalışıram” -  MÜSAHİBƏ

Ölkəmizi xarici arenada təmsil edən tək-tük futbolçulardan biri də Vüsal İsgəndərlidir. Bu yay Albaniyanın “Eqnatiya” klubuna transfer olunan 27 yaşlı forvard çempionatda geridə qalan 2 turdan sonra 1 qol vurmağı bacarıb.

İdman.biz olaraq futbolçumuz ilə əlaqə saxladıq və onun müsahibəsini sizlərə təqdim edirik.

- Albaniyada işlərin necə gedir? Mühitə, komandaya tam olaraq alışmısan?

- Albaniyada işlərim yaxşıdır. Çempionatda 2 oyun keçirmişəm. 3 gün sonra növbəti turun oyununa çıxacam. Bu 2 turda bir çox qol epizodlarım oldu. Amma bunların cəmi 1-dən yararlandım. İlk qolumu vurduğuma görə çox sevinirəm. Özümə inanıram. Daha çox qollar vuracağam.

- İtaliya nəhəngi “İnter”ə qarşı oynadın. Təəssüratların necədir?

- İnterə qarşı oyun maraqlı oldu. Böyük təcrübədir. Belə oyunlar istər rəsmi, istər yoldaşlıq olsun bu cür oyunlarda meydanda olmaq əlavə pozitivlik qazandırır. Belə oyunlar nə qədər çox olsa, o qədər faydalı olar.

- Albaniya çempionatı ilə Azərbaycan çempionatını müqayisə etsən nə deyə bilərsən?

- Gözlədiyimdən daha yaxşı çempionatdır. Ən diqqətimi çəkən məqam başqa ölkələrdən olan maraqdır. Misal üçün Slovakiyadan, Çexiyadan, İtaliya , Xorvatiyadan çoxlu skautlar oyunlarımızı izləyir. İki çempionatı müqayisə etməzdim. Mənə görə öz çempionatımız, öz futbolçularımız daha güclüdür, daha dəyərlidir. Hər çempionatın öz fərqli, öz müsbət və mənfi cəhətləri var.

- Millinin Belçikaya qarşı oyununu izlədin?

- Məşqlər səbəbi ilə matçın sonlarına baxdım. Daha sonra icmalını izlədim. Amma təəssüf ki, bütün 90 dəqiqəyə baxa bilmədim.

- Canni De Byazi əksər legioner həyatı yaşayan futbolçulara dəvət göndərsə də, bu siyahıda sən yoxsan. Bununla bağlı incikliyin varmı?

- İncikliyim yoxdur. Futbolda hər şey ola bilər. Sadəcə bu hallara nə qədər də psixoloji hazır olsan, nə qədər özünü hazırlasan da bir yerdə adama zərbə olur. Baxırsan ki, səndən başqa bütün legioner həyatı yaşayan futbolçular dəvət alıblar. Bu hadisə mənim başıma Türkiyə karyerası zamanı da gəlmişdi. Heç bir problem yoxdur. Mənim özümə motivasiya verdiyim çox şey var. Bunların içində milli komanda da var. Bu böyük bir şərəfdir, böyük qürurdur. Mən də millinin formasını geyinmək, vətənim üçün mübarizə aparmaq istəyərəm. Olmadığı təqdirdə küsə bilmərəm.

- Karyeranla bağlı qarşıdakı hədəflərin nədir?

- Karyeramın gələcəyinə çox pozitiv baxıram. Burdan daha yaxşı yerlərə, güclü liqalara gedə biləcəyimi düşünürəm. Türkiyə karyeramda etdiyim səhvləri təkrarlamamağa çalışıram. Bir futbolçu müəyyən bir yüksək səviyyədən aşağı düşürsə demək burda öz səhvləri də var. Ən böyük səhvlərimdən biri edilən təkliflərə aldanmağım oldu. Türkiyədə oynadığım vaxt ilk təklif dekabrda gəldi və bundan sonra getmək barəsində düşündüm. Nəticədə transfer pəncərəsi bağlandıqdan sonra klubda mənə münasibət dəyişdi. Daha sonra “Sumqayıt”a qayıtdım və burda yaxşı mövsüm keçirsəm də, komanda olaraq elə də uğurlu olmadıq.

- Son sualda lap əvvələ qayıdacağıq. “Eqnatiya” forması ilə ilk oyununa Ermənistanda çıxdın. Bu səfəri necə xatırlayırsan?

- Ermənistan səfəri barəsində danışanda hər zaman deyirəm ki, mən bu barədə film belə çəkə bilərəm. Həyatımda etdiyim ən böyük səfər idi. Adicə hava limanında düşəndə, oranın bütün işçiləri, orda olan adamların sənin hər addımını izləməyir, pasport yoxlanışı zamanı Azərbaycanlı olduğumu bildikdən sonra qəribə suallar verilməyi, səni özündən çıxarmağa çalışmaqları çox çətinliklər yaradırdı. Oyunun içində də təzyiqlər davam etdi. Oyundan sonra da təzyiqlər oldu. Azarkeşlər getdikdən sonra məni stadiondan çıxartdılar. Hər yerdə 4-5 mühafizəçi ilə gəzirdim. Adicə bu da adamı narahat edirdi. Komandaya qoşulduqdan sonra 4 gün məşq etdim və oyuna çıxdım. 8 gün məşq edib 2 oyuna çıxdım. Təbii ki, hazır deyildim. Buna baxmayaraq ora getdim. İstər hava limanında, istər oteldə, istər şəhərdə olarkən görmək istədikləri qorxunu mən onlara vermədim. O mənim üçün unudulmaz səfər idi.

Emin Ağa

İdman.biz