Bakı kəndləri arasında ikinci minifutbol turniri start götürüb - FOTO

Xəbərlər
30 Mart 2024 12:47
345
Bakı kəndləri arasında ikinci minifutbol turniri start götürüb - FOTO

Bakı kəndləri arasında ikinci minifutbol turnirinin açılışı mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbir Azərbaycan Tennis Akademiyasında baş tutub.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın baş katibi Sərxan Hacıyev, Bakı Abaqlıq Xidmətinin rəsmisi Vüqar Lütfizadə, "Qarabağ" klubunun futbolçuları Toral Bayramov, Juninyo Olavio, idman ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.

Mərasimdə öncə turnirdə iştirak edəcək komandaların paradı olub. Daha sonra Dövlət Himni səsləndirilib və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Mərasimi giriş sözü ilə açan AFFA-nın baş katibi Sərxan Hacıyev bu günü idman bayramı kimi qiymətləndirib: "Gələcəyin ulduz idmançıları sizin kimi gənclər arasından çıxır. Bu cür bayramı artıq ikinci ildir ki, ard-arda həyata keçirən Bakı Abadlıq Xidmətinə təşəkkürümüzü bildiririk. Belə layihələrin həyat keçirilməsi Azərbaycan futbolunun inkişafına öz tövhəsini verir. Sizə heç vaxt təslim olmayıb, sona kimi mübarizə aparmağı arzulayıram. Qarşısınıza məqsəd qoyun. Əminəm ki, ona çatacaqsız. Güclü qalib gəlsin".

Bakı Abadlıq Xidmətinin rəsmisi Vüqar Lüfitzadə bu yarışın iki il davamlı olaraq keçirildiyini vurğulayıb: "Bu cür tədbirlər gənc istedadların üzə çıxmasına kömək olur. Yarışın həyata keçirilməsində Gənclər və İdman Nazirliyinə, eyni zamanda AFFA-ya təşəkkürlərimizi bildiririk".

Gənclər və İdman naziri Fərid Qayıbov iştirakçılara uğurlar arzulayıv: "Daim Azərbaycan futbolu qalibdir. Artıq ikinci ildir bu turnir keçirilir. Təbii ki, bununla yanaşı, futbol sahəsində uşaqları əhatə edən beynəlxalq yarışlar təşkil olunur. Bakı kəndləri arasında keçirilən bu minifutbol turniri gələcəkdə beynəlxalq səviyyədə də baş tuta bilər".

Rəsmi çıxışlardan sonra Bakı kəndləri arasında keçirilən minifutbol turniri ilə bağlı video-çarx nümayiş olunub.

Daha sonra turnir açıq elan edilib.

Qeyd edək ki, turnirdə Bakının 32 kəndindən olan 2011-2012 təvəllüdlü uşaqlardan ibarət komandaları gücünü sınayacaq. Turnir mayın 10-da bitəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: