Musa Qurbanlı: “Qərar verməmişəm, “Qarabağ”la da danışığımız olmayıb” - MÜSAHİBƏ

Müsahibə
26 Mart 2024 09:27
361
Musa Qurbanlı: “Qərar verməmişəm, “Qarabağ”la da danışığımız olmayıb” - MÜSAHİBƏ

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı Bolqarıstanla (1:1) matçdan sonra müsahibə verib.

İdman.biz xəbər verir ki, 22 yaşlı hücumçu matçı dəyərləndirib, gələcək karyerasından danışıb.

- ⁠Millinin "FIFA Series - Edition 2024" layihəsi çərçivəsində həm Bolqarıstan, həm də Monqolustan yığması ilə qarşılaşması barədə nə fikirlərin necədir?

- ⁠Uzun müddət sonra Vətənə qayıtmaq, eyni zamanda millidəki komanda yoldaşlarımızla çiyin-çiyinə mübarizə aparmaq çox yaxşı oldu. Uzun müddətdir onları görmürdüm. Bu baxımdan da mənə çox xoş oldu. Hər bir halda, millidə oynamaq şərəfdir. Çox istərdik ki, hər iki oyunda da qələbə qazanaq. Amma ikinci oyunda şansızlıqlar oldu. Lakin hər bir halda qələbəyə layiq idik.

- Yayda "Qarabağ"a dönəcəyinizlə bağlı xəbərlər çıxır. Bunlar nə dərəcədə doğrudur?

- ⁠Bu barədə heç bir xəbərim yoxdur. Hələ ki, öz klubumdayam. Heç bir qərar verməmişəm. "Qarabağ"la da belə bir danışığımız olmayıb.

- "Yurqorden"ə yeni getdikdə hər şey yaxşı idi. Lakin sonradan qol vurmadın və məşqçi sənə şans vermir. Bu barədə nə deyə bilərsən?

- ⁠Məncə, belə şeylərin olması normaldır. Çünki bilirdim ki, o komandaya gedəndə heç nə nağıl deyil. Birdən-birə nəsə etmək olmayacaq. Bəzən çətinliklər olur, bəzən isə hər şey yaxşı gedir. Çətinliklərə hazır idim. Düzdür, oynamayan hər bir futbolçu üçün psixoloji olaraq çətindir. İndi belə gətirib. Komandamızın keçən ilki vəziyyəti enişli-çıxışlı oldu. "Yurqorden" özünü yeni-yeni toparlayır, təzə transferlər edilir. Bütün bunların hamısı məşqçinin qərarıdır. Mənim üzərimə düşən isə yaxşı çalışıb, heyətdə öz yerimə qayıtmaqdır.

- ⁠Hər kəs yaxşı bilir ki, azərbaycanlılara qarşı xaricdə yanaşma fərqlidir. İsveçdə öz klubun daxilində sənə və ümumilikdə Azərbaycan vətəndaşlarına yanaşma necədir?

- ⁠Mən mənfi bir şey heç vaxt hiss etməmişəm. Klubumda hamıya eyni hörmətlə yanaşılır. Azərbaycanlı olduğum üçün heç bir ayrı-seçkilik görməmişəm. Bu barədə narazı qaldığım məqam belə olmayıb.

Banuçiçək Hüseynli
İdman.biz