Musa Qurbanov: “Zaqatala”nın kommunal xərclərinin ödənilməsinə Qurban kömək edir” - VİDEO

17 Mart 2024 12:28
2 537
Musa Qurbanov: “Zaqatala”nın kommunal xərclərinin ödənilməsinə Qurban kömək edir” - VİDEO

"Zaqatala" klubu haqqında danışmaq hər zaman daha ağır olur. Problemlər həddindən artıq çoxdur".

Bunu "İdman Bizdə" verilişinin qonağı olan veteran futbolçu, Qurban Qurbanovun qardaşı Musa Qurbanov deyib.

"Zaqatala" klubunun İdarə Heyətinin üzvü komandanın problemlərindən danışıb. O bildirib ki, "Qarabağ"ın baş məşqçisi kluba hər zaman dəstək olmağa çalışır: "Zaqatala"nın kommunal xərclərinin ödənilməsinə Qurban da kömək edir, yeri gəlsə, mən də. Bəzi işləri özümüz görürük. Amma bu, kiçik işlərdir. Lap çətinə düşəndə, ilk olaraq müraciət etdiyimiz Qurban olur. Bu şeyləri yoluna qoyuruq. "Zaqatala"dan hər zaman yaxşı futbolçular çıxıb. Azərbaycanda yüksək liqada çıxış edən komandalarda xeyli sayda zaqatalalı var. Bizdə futbol ənənəsi var".

Qurbanov əsas problemin sponsorlarla bağlı olduğunu deyib: Zaqatalada belə adam yoxdur. Çalışırıq ki, kənardan sponsorlar cəlb edək. Amma hələ ki, istəyimiz səviyyədə alınmır. "Qarabağ"ın uğurlarından, insanların futbola marağının artmasından sonra fikirləşirəm ki "Zaqatala"ya da sponsorlar cəlb olunar".

Qeyd edək ki, "Zaqatala" 18 turdan sonra 22 xalla I Liqada 7-cidir.

Emin Ağa
İdman.biz