Azərbaycan futbolu üçün tarixi gecə: “Qarabağ”la “30-luğ”a doğru - TƏHLİL

Təhlil
14 Mart 2024 16:50
804
Azərbaycan futbolu üçün tarixi gecə: “Qarabağ”la “30-luğ”a doğru - TƏHLİL

Bu gün Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununa çıxacaq “Qarabağ” yeni tarix yazmağın astanasındadır.

İdman.biz xəbər verir ki, Almaniya Bundesliqasının lideri “Bayer”lə Bakıdakı görüşdə qələbəni son anda əldən verən Qurban Qurbanovun yetirmələri Leverkuzendə həlledici matça çıxacaq.

Avrokuboklarda 1/8 finala çıxan ilk Azərbaycan klubu olan “Qarabağ” ən yaxşı “səkkizlik”dəki ilk təmsilçimiz olmaq imkanına malikdir. Bunun üçün cari mövsümdə uduzmayan “Bayer”in məğlubiyyətsizlik seriyasına son qoymaq lazımdır.

Azərbaycan çempionu bunu bacarsa, avrokuboklar tarixinə düşməyi bacaracaq.

174 kubok

1955-ci ildən keçirilən avrokuboklarda cari mövsümədək 174 mükafat sahibini tapıb. Söhbət Çempionlar Liqası, Kuboklar kuboku, Avropa Liqası və Konfrans Liqasında keçirilən turnirlərdən gedir. Bu yarışlardan biri – Kuboklar kuboku tarixin yaddaşına köçüb. Konfrans Liqası isə 3-cü dəfədir keçirilir.

Fərqli format

İlk baxışdan 174 turnirdə 1/4 finala vəsiqələrin sayı 1392 olmalıdır. Lakin cari mövsümədək 1386 dəfə hər hansı komanda 1/4 finala adlayıb. Yarımfinalçıların sayında da belə hal yaşanır. Buna səbəb formatın bəzi illərdə fərqli olmasıdır. Bəzən 1/4, bəzən isə 1/2 finalı qrup mərhələsi əvəz edib. Ya da həmin raund baş tutmayıb. Cari mövsüm Çempionlar Liqasında 8 komanda 1/4 finala adlayıb. Bununla da ümumi rəqəm 1394-ə çatıb.

32 ölkə

İndiyədək 32 ölkədən olan klublar 1/4 finala yüksəlib. Həmin ölkələrdən üçü artıq yoxdur. Bunlar SSRİ, Çexoslovakiya və Yuqoslaviyadır. Əgər “Qarabağ” tarix yazsa, Azərbaycan 1/4 finalı görən 33-cü ölkə olacaq. Maraqlıdır ki, bu ölkələr arasında Kipr, Şimali İrlandiya, Finlandiya, Uels kimi hazırda güclü klubu olmayanlar da var. Siyahıya Azərbaycanın da düşməsi üçün cəmi bir qələbə lazımdır.

280 klub

İndiyədək Avropanın 280 klubu 1/4 finala yüksəlib. Leverkuzendə tarix yazılsa, “Qarabağ” avrokuboklar tarixində bunu bacaran 281-ci komanda olacaq.
Almaniya rekord sayda – 30 komanda ilə bu mərhələyə yüksəlib. İngiltərənin 25 klubu 1/4 final görüb.

Ölkələrin 1/4 finaldakı təmsilçi sayı
1. Almaniya - 30
2. İngiltərə - 25
3. İspaniya - 21
4. İtaliya - 17
5. Belçika - 15
6. Fransa – 14
7-8. Yuqoslaviya – 13
Çexoslovakiya - 13
9. Niderland - 10
10-14. Portuqaliya - 9
Şotlandiya - 9
İsveçrə - 9
Danimarka – 9
SSRİ - 9
15-17. Polşa - 8
Avstriya - 8
Rumıniya - 8
18. Macarıstan - 7
19-22. İsveç - 6
Yunanıstan - 6
Bolqarıstan - 6
Rusiya – 6
23-24. Türkiyə - 5
Norveç – 5
25. Ukrayna - 4
26-29. Uels - 3
Finlandiya – 3
Çexiya – 3
Xorvatiya - 3
30-31. Şimali İrlandiya - 2
İsrail - 2
32. Kipr – 1

İki ölkənin təmsilçiləri

Ölkələr üzrə 1/4 finala yüksələnlərin ümumi sayı 280-dən artıq olur. Bu da səbəbsiz deyil. Bəzi klublar iki ölkənin təmsilçisi kimi 1/8 finalı arxada qoyub. Söhbət SSRİ, Çexoslovakiya və Yuqoslaviya komandalarından gedir. Bəzi klublar həm birləşmiş ölkədə, həm müstəqillikdən sonra yarımfinalın bir addımlığına qədər irəliləyib.

İspaniyadan rekord

Azərbaycan 1/4 finala ilk yüksəlmənin astanasındadır. Lakin avrokubokların nəhəngləri üçün bu raund adiləşib. Bu mənada rekord İspaniyadadır. Bu ölkə klublarının 1/4 finalda iştirak sayı 200-ü keçməyə yaxındır. Almaniya ikinci, İngiltərə üçüncüdür.

1. İspaniya - 198
2. Almaniya - 193
3. İngiltərə - 172
4. İtaliya - 161
5. Fransa - 78
6. Portuqaliya - 75
7. Niderland - 71
8. Belçika - 57
9-10. Yuqoslaviya - 43
Şotlandiya - 43
11-12. Çexoslovakiya - 31
SSRİ - 31
13-14. İsveçrə - 25
Macarıstan - 25
15. Avstriya - 24
16-19. Rumıniya - 17
Yunanıstan - 17
Bolqarıstan - 17
Türkiyə - 17
20-22. Polşa - 16
19-22. İsveç - 16
Rusiya - 16
23. Danimarka - 12
24. Ukrayna - 11
25. Çexiya - 7
26-27. Norveç - 5
Uels - 5
28-29. Finlandiya – 3
Xorvatiya - 3
30-31. Şimali İrlandiya - 2
İsrail - 2
32. Kipr - 1

Vüqar Xeyrullayev
İdman.biz