“Musa Qurbanlıya “Yurqarden”dən təklif gələndə mən də, Qurban da komandanın oyunlarını izləmişdik. İsveçlilərin oyun sisteminin “Qarabağ”a daha yaxın olduğunu gördük”.
Bunu "İdman Bizdə" verilişinin qonağı olan veteran futbolçu, Qurban Qurbanovun qardaşı Musa Qurbanov deyib.
O, qardaşı oğlu Musa Qurbanlının “Yurqorden”ə keçidindən danışıb. Qurbanovun sözlərinə görə, Azərbaycan millisinin də formasını geyinən futbolçu gələcəkdə uğurlu olacaq: “İsveç çempionatı da Avropaya daha yaxın çempioantdır. Musa özü də getmək, legioner həyatı yaşayıb bərkə, boşa düşmək istəyirdi. Nə Qurban, nə də biz tərəfdən maneə olmadı. Klub da sağ olsun ki, getməyinə problem yaratmadı. İnşallah, düzgün seçim olub. İndi Musanın oyununda bir qədər problemlər var. Amma işgüzarlığını, peşəkarlığını nəzərə alsaq, fikirləşirəm ki, bu gün olmasa da, Musa bir gün arzusuna çatacaq”.
Mütəxəssis Musanın “Qarabağ”da yerinin görünüb-görünməməsinə də münasibət bildirib: “Qarabağ”a çox oyunçu gəlib, gedib. Komanda hansısa bir futbolçudan asılı deyil. Bu klubun özünəməxsus dəsti-xətti var. Özünün tutduğu mövqe var. Bu səbəbdən də “Qarabağ” heç vaxt hansısa futbolçudan asılı vəziyyətə düşmür. Kimlərin gəlib getdiyini görmüşük”.
Qeyd edək ki, Musa Qurbanlı “Yurqorden”nin heyətində olduğu 19 oyunda 3 qol və 1 asistlə yadda qalıb.
Emin Ağa
İdman.biz