Azərbaycan klubları üçün etibarlı üstünlük - TƏHLİL

Təhlil
20 Fevral 2024 16:16
894
Azərbaycan klubları üçün etibarlı üstünlük - TƏHLİL

Avropa Liqasının pley-off mərhələsinin bu həftə keçiriləcək cavab oyununda “Braqa”nı qəbul edəcək “Qarabağ” ev matçına 2 topluq üstünlüklə çıxacaq.

İdman.biz xəbər verir ki, avrokuboklar tarixində 4-cü dəfə Azərbaycan komandası səfərdə əldə etdiyi 2 qolluq üstünlüyü öz meydanında qorumağa çalışacaq.

“Qarabağ”ın 4:2 hesablı qələbəsinə qədər üç dəfə belə nəticə qeydə alınıb. Təmsilçilərimiz həmişə üstünlüyünü qoruyaraq mərhələ adlayan tərəf olub. Lakin həmin duellərdə ev oyununa çıxan komandalarımızın adları kimi nəticələri də fərqli alınıb.

“Neftçi” üçün həyəcan
İlk belə uğur 2016/17 mövsümündə yaşanıb. Avropa Liqasında çıxış edən “Neftçi” Maltada “Baltsan”a 2:0 hesabı ilə qalib gəlib.

Bakıdakı görüş də təmsilçimiz üçün yaxşı başlayıb. “Ağ-qaralar” hesabı açmağa nail olub. Lakin sonradan buraxılan iki qol ciddi narahatçılıq yaradıb. 67-ci dəqiqədə 2:1 hesabı ilə önə keçən maltalılar artırılmış dəqiqələrlə birgə təxminən yarımsaat mərhələ adlamaq imkanına malik olub.

Səfər qolunun işlədiyi dövrdə buraxılan növbəti qol “Neftçi”nin yolunu bağlayacaqdı. Amma təmsilçimiz hesabı qoruya bilib.

Yenə 67-ci dəqiqə
Azərbaycan klublarının ilk oyundakı 2 topluq səfər qələbələri cari mövsüm çoxluq təşkil edib. “Sabah” Konfrans Liqasında Latviyada RFŞ-a iki cavabsız qol vurub. Yenə 67-ci dəqiqə təhlükə yaradıb.

Buraxılan qoldan sonra “Sabah” matçın əlavə vaxta getmək riski ilə üzləşib. Amma tez toparlanan təmsilçimiz iki qol vuraraq evdə də qalib gəlib - 2:1.

Altı ay öncə
“Qarabağ”ın özü də ikinci dəfə evdəki cavab matçına iki topluq üstünlüklə çıxacaq. Ağdam klubu avqustda Sloveniyada “Olimpiya”nın qapısından iki cavabsız top keçirib. Bakıda hesabı açan Qurban Qurbanovun yetirmələri üstünlüklərini artırıblar. Bundan sonra qonaqların gücü heç-heçəyə çatıb – 1:1.

Qeyd edək ki, Portuqaliyada “Braqa”ya 4:2 hesabı ilə qalib gələn “Qarabağ” rəqibini fevralın 22-də Bakıda qəbul edəcək.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: