Zubirdən AL-də ən yaxşı seçilməsinə münasibət: “Braqa” ilə cavab matçı daha çətin olacaq”

Xəbərlər
19 Fevral 2024 15:04
1 774
Zubirdən AL-də ən yaxşı seçilməsinə münasibət: “Braqa” ilə cavab matçı daha çətin olacaq”

“Təbii ki, UEFA Avropa Liqasının ilk oyununda ən yaxşı seçilməyim məni sevindirir”.

Bunu İdman.bizə “Qarabağ”ın futbolçusu Abdullah Zubir deyib.

O, Avropa Liqasında həftənin oyunçusu seçilməsinə münasibət bildirib. 33 yaşlı fransalı yarımmüdafiəçinin sözlərinə görə, buna görə çox xoşbəxtdir: “Bu, şəxsi uğurumdur. Lakin mənim üçün bundan da vacib olanı komandamızın mərhələni adlaya bilməsidir. Çünki bu bizim üçün daha çox önəmlidir. “Braqa” ilə bir oyun oynamışıq. Qələbə qazanmağımıza baxmayaraq, cavab qarşılaşması daha çətin olacaq. Bütün komanda yoldaşlarımla məhz bu matça köklənmişik. Hazırda ən böyük istəyim və həvəsim “Braqa” səddini keçərək, növbəti mərhələyə adlamaqdır”.

Qeyd edək ki, Zubir UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə ilk matçda (4:2) iki qol vuraraq, oyunun qəhrəmanı olub. Bir assistlə də yadda qalan Abdullah 84 faiz dəqiq ötürmə ilə fərqlənib. “Qarabağ” “Braqa” ilə cavab görüşünə isə fevralın 22-də çıxacaq.

Banuçiçək Hüseynli
İdman.biz