Maksim Medvedev: “Sabah” güclü rəqiblərə qarşı mübarizə apara biləcəyini sübut edib”

20 Oktyabr 2026 17:54
114
Maksim Medvedev: “Sabah” güclü rəqiblərə qarşı mübarizə apara biləcəyini sübut edib”

“UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə qarşılaşacaq “Sabah” güclü rəqiblərə qarşı mübarizə apara biləcəyini sübut edib”.

Bunu Azərbaycan millisinin və “Qarabağ” futbol komandasının sabiq kapitanı Maksim Medvedev deyib.

“Sabah” Azərbaycanı təmsil edir və hamı onları dəstəkləyəcək. Komanda son matçlarda yaxşı oyun nümayiş etdirərək, güclü rəqiblərə qarşı mübarizə apara biləcəyini sübut edib. Düzdür, onlar hələ bu səviyyədə rəqiblə oynamayıblar. Amma inanıram ki, baş məşqçi rəqibi hərtərəfli təhlil edib və xüsusi plan hazırlayıb. Çox maraqlı qarşılaşma olacaq. Doğma azarkeşlər önündə oynamaq da əlavə üstünlükdür”, - deyə o report.az-a vurğulayıb.

Sabiq müdafiəçi rəqib komandanın illər ərzində çox dəyişdiyini bildirib:

“Biz “Borussiya”ya qarşı oynayanda rəqibin heyətində başqa futbolçular yer alırdı, baş məşqçisi fərqli idi. “Sabah” tamamilə başqa heyətlə qarşılaşacaq. Ümumiyyətlə, həm futbol dəyişib, həm də komandalar. Ona görə də əvvəlki dövrlə indini müqayisə etmək çətindir. Dortmund təmsilçisi Almaniyanın öncül klublarından biridir”.

M.Medvedev Bakı təmsilçisinin bu qarşılaşmada xal qazanmaq şansını dəyərləndirib:

“Təbii ki, şans var. Çünki komanda son oyunlarda baxımlı futbol nümayiş etdirir, oyunda tempi tənzimləyə bilir, taktiki gedişləri yaxşı alınır. Məşqçi işi aydın görünür, heyətdə keyfiyyətli futbolçular var. “Sabah”ı hazır kollektiv saymaq olar. Ona görə də yaxşı nəticə əldə edə bilərlər”.

Qeyd edək ki, “Sabah” - “Borussiya” görüşü bu gün, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

İdman.Biz