“Real Madrid”in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının liqa mərhələsində “RB Leypsiq”lə keçiriləcək oyun ərəfəsində Vinisius Juniorun komandadakı mövqeyinə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis mətbuat konfransında braziliyalı futbolçunun əsas heyətdəki yerini itirmək ehtimalı ilə bağlı sualı cavablandırıb.
“Yalnız klubun emblemi toxunulmazdır. Mən "toxunulmaz futbolçu" anlayışını sevmirəm. Futbolçunu toxunulmaz edən onun meydandakı oyunudur”, – deyə Mourinyo bildirib.
Baş məşqçi növbəti qarşılaşmada futbolçuların mövqelərinə də aydınlıq gətirib:
“Sabah Vinisius sol cinahda oynayacaq. Yan Diomande isə sabah meydana çıxıb-çıxmayacağını belə bilmir”.
Hazırda Vinisius La Liqada dörd oyunluq diskvalifikasiya cəzası çəkir. Braziliyalı hücumçu “Vilyarreal”la matçda meydandan qovulduqdan sonra rəqib futbolçu Natan Salibanı saçından dartdığına görə iki, hakimə etirazlarına görə isə daha iki oyunluq cəzalandırılıb.
Vinisius artıq “Sevilya” ilə görüşü buraxıb. O, həmçinin “Barselona”, “Rasinq” və “Valensiya” ilə qarşılaşmalarda iştirak etməyəcək.
Qeyd edək ki, “Real Madrid” – “RB Leypsiq” matçı oktyabrın 21-də Madriddə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Vinisius cari mövsümdə “Real Madrid”in heyətində 10 matç keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib.
