UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə sarı vərəqələrə görə diskvalifikasiya qaydalarını dəyişib.
İdman.Biz xəbər verir ki, yeni qaydalara əsasən, turnirin əsas mərhələsindən etibarən dörd sarı vərəqə alan futbolçu növbəti qarşılaşmanı buraxmalı olacaq.
Əvvəlki mövsümlərdə üç sarı vərəqə bir oyunluq diskvalifikasiyaya səbəb olurdu. Yeni qaydaya görə isə futbolçu dördüncü, altıncı, səkkizinci və onuncu sarı vərəqələrini aldıqdan sonra hər dəfə bir oyunluq cəzalandırılacaq.
Qayda əsas mərhələnin ilk turundan dörddəbir finalın sonuna qədər qüvvədədir. Dörddəbir final başa çatdıqdan sonra futbolçuların topladığı sarı vərəqələr silinir və yarımfinala daşınmır.
Beləliklə, futbolçular yarımfinalda aldıqları adi sarı vərəqələrin toplanmasına görə finalı buraxmaq təhlükəsi ilə üzləşməyəcəklər. Lakin qırmızı vərəqəyə görə diskvalifikasiya qüvvədə qalır.
Eyni qaydalar UEFA Avropa Liqası və Konfrans Liqasına da şamil olunur.
Çempionlar Liqasının ilk iki turunda beş futbolçu iki sarı vərəqə alıb. Onlar daha iki dəfə xəbərdarlıq ediləcəkləri təqdirdə bir oyunluq diskvalifikasiya ilə üzləşəcəklər.
