“Real Madrid” “Arsenal”ın müdafiəçisi Rikkardo Kalafiorini transfer etməkdə maraqlı olsa da, London klubu italiyalı futbolçunu asanlıqla buraxmaq niyyətində deyil.
İdman.Biz “CaughtOffside” nəşrinə istinadən xəbər verir ki, “Arsenal” 24 yaşlı müdafiəçinin satışına yalnız 100 milyon avrodan (təxminən 199 milyon manat) yüksək təklif gələcəyi təqdirdə razılıq verə bilər.
Madrid təmsilçisi artıq futbolçunun yaxın ətrafı ilə əlaqə saxlayaraq mümkün transferin şərtləri barədə məlumat toplayıb. Lakin “Real Madrid” hələlik rəsmi təklif göndərməyib.
2024-cü ildə “Bolonya”dan “Arsenal”a keçən Kalafiori həm mərkəz, həm də sol cinah müdafiəçisi mövqeyində çıxış edə bilir. Onun topla irəliləmək və yarımmüdafiəyə qoşulmaq bacarığı Mikel Artetanın oyun sistemində mühüm rol oynayır.
London klubu italiyalı futbolçunu Artetanın uzunmüddətli layihəsinin əsas üzvlərindən biri hesab edir. Kalafiorinin 2029-cu ilin iyununa qədər qüvvədə olan müqaviləsi də “Arsenal”ın danışıqlardakı mövqeyini gücləndirir.
Futbolçunun özü də klubdan ayrılmaq üçün təzyiq göstərmək niyyətində deyil.
Qeyd edək ki, Kalafiorinin hazırkı bazar dəyəri təxminən 65 milyon avro qiymətləndirilir.
