“Roma”nın 60 milyonluq futbolçusu uğrunda İngiltərə nəhəngləri mübarizəyə qoşuldu

20 Oktyabr 2026 21:14
94
“Roma”nın 60 milyonluq futbolçusu uğrunda İngiltərə nəhəngləri mübarizəyə qoşuldu

“Roma”nın braziliyalı müdafiəçisi Uesli Fransa İngiltərə Premyer Liqasının üç klubunun transfer hədəfinə çevrilib.

İdman.Biz “CaughtOffside” nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun xidmətində “Arsenal”, “Mançester Yunayted” və “Nyukasl” maraqlıdır.

2025-ci ildə “Flamenqo”dan İtaliya klubuna keçən müdafiəçinin transfer dəyəri sürətlə yüksəlib. Hazırda “Roma” onun satışından təxminən 60 milyon avro (119 milyon manat) qazanmaq istəyir. Bu məbləğ klubun braziliyalını heyətinə qatmaq üçün ödədiyi vəsaitdən təxminən iki dəfə çoxdur.

Uesli əsasən sağ cinah müdafiəçisi kimi tanınsa da, Can Pyero Qasperininin rəhbərliyi altında sol cinahda da uğurlu çıxış edib. Onun bir neçə mövqedə oynamaq bacarığı İngiltərə klublarının diqqətini cəlb edən əsas xüsusiyyətlərdəndir.

“Mançester Yunayted” cinah müdafiəsini gücləndirmək istəyir. “Arsenal” isə müxtəlif mövqelərdə çıxış edə bilən və hücumlara fəal qoşulan futbolçulara üstünlük verir.

“Nyukasl” da braziliyalı müdafiəçi uğrunda mübarizədə qalır. Lakin “Roma”nın 60 milyon avroluq tələbi potensial transferin qarşısındakı əsas maneələrdən biri hesab olunur.

Qeyd edək ki, Uesli Fransa cari mövsümdə bütün turnirlərdə səkkiz matçda iştirak edib və bir məhsuldar ötürmə verib. Onun “Roma” ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.

İdman.Biz