Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun yığma komandaya qayıtmaq ehtimalı olduqca azalıb.
İdman.Biz xəbər verir ki, bu barədə CNN Portugal telekanalının jurnalisti Rui Santuş məlumat yayıb.
Onun sözlərinə görə, əvvəlki beynəlxalq fasilə zamanı milli komandanın düşərgəsini icazəsiz tərk etdiyinə görə bir ay müddətinə yığmadan uzaqlaşdırılan Ronaldu qarşıdakı beynəlxalq oyunlara çağırılmaq istəmir.
Portuqaliyalı futbolçu ölkəsinin futbol federasiyasından ciddi şəkildə narazıdır. O, özünə qarşı ədalətsiz davranıldığını düşünür və federasiya tərəfindən xəyanətə uğradığına inanır.
Məlumata əsasən, Portuqaliya Futbol Federasiyasının prezidenti Pedru Proensa hər gün Ronaldu ilə əlaqə yaratmağa çalışır. Lakin tərəflər arasındakı münaqişə o qədər dərinləşib ki, onun həlli getdikcə mümkünsüz görünür.
Bu səbəbdən Kriştianu Ronaldunun bir daha Portuqaliya millisinin formasını geyinməsi ehtimalı olduqca aşağı qiymətləndirilir.
