“Real Madrid” İngiltərənin altı nəhəngindən 80 milyon avro tələb edir

20 Oktyabr 2026 18:53
120
“Real Madrid” İngiltərənin altı nəhəngindən 80 milyon avro tələb edir

“Real Madrid” Avropa Superliqası layihəsinin yaradılması üçün çəkilən xərclərin bir hissəsinin İngiltərə Premyer Liqasının altı klubu tərəfindən ödənilməsini tələb edir.

İdman.Biz “The Athletic”ə istinadən xəbər verir ki, Madrid təmsilçisi “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted” və “Tottenhem”in layihənin maliyyə öhdəliklərinə görə hələ də məsuliyyət daşıdığını düşünür.

2021-ci ilin aprelində elan edilən Avropa Superliqasının 12 təsisçi klubundan doqquzu bir neçə gün ərzində layihədən imtina edib. İngiltərənin altı təmsilçisi ilə yanaşı, “Atletiko”, “Milan” və “İnter” də bu addımı atıb. “Yuventus” 2023-cü ildə, “Barselona” isə 2026-cı ilin fevralında layihədən ayrılıb.

Superliqanın hazırlanması və təşviqi üçün çəkilən ümumi xərclərin 80 milyon avroya çata biləcəyi bildirilir. İndiyədək bu xərcləri “Real Madrid”, “Barselona” və “Yuventus” qarşılayıb.

Madrid klubunun mövqeyinə görə, İngiltərə təmsilçilərinin layihədən çıxması onları ilkin maliyyə öhdəliklərindən azad etmir. “Real Madrid” öz arqumentini təsisçi klublar arasında layihəyə birgə sahiblik və idarəetmə haqqında imzalanmış müqaviləyə əsaslandırır.

İngiltərə klubları isə bu mövqe ilə razılaşmırlar. Onlar Superliqadan ayrıldıqdan və ictimaiyyət qarşısında üzr istədikdən sonra bütün öhdəliklərinin başa çatdığını hesab edirlər.

İdman.Biz