“Qəbələ”nin futbolçusu: “40 yaşında meydana çıxmaq tarixdə qalan göstəricidir”

20 Oktyabr 2026 18:09
125
“Qəbələ”nin futbolçusu: “40 yaşında meydana çıxmaq tarixdə qalan göstəricidir”

“Azərbaycan Premyer Liqasında 40 yaşında meydana çıxmaq tarixdə qalan göstəricidir”.

Bunu “Qəbələ”nin kapitanı Asif Məmmədov deyib.

Yarımmüdafiəçi bu yaşda meydana çıxmağın vacibliyini bildirib.

“Komandanın hazırkı durumuna görə bu rekorda xüsusi fikir verməsəm də, 40 yaşında özündə güc tapıb meydana çıxa bilmək yaxşı haldır. Ötən ildən fərqli, bu il çəkim bir az artıb. Buna səbəb bir müddət məşq etməməyim oldu. İstənilən halda, bu, tarixdə qalan bir göstəricidir. Ümid edirəm ki, gənc futbolçular üçün də stimul olacaq”, - deyə o report.az-a açıqlamasında söyləyib.

Təcrübəli futbolçu fiziki formasını qoruyub saxlamasının sirrini bölüşüb:

“İnsan təkcə idmanda deyil, normal həyatda da yaşayış tərzinə, rejiminə fikir verməlidir. Çünki hər kəs kənardan sənə idmançı kimi baxır. İdmanı birdən-birə atdıqda da sağlamlıqla bağlı problemlər yaranır. Məşq etməklə yanaşı, “Qəbələ”nin ikinci komandasında baş məşqçi kimi çalışıram. Həftədə iki dəfə dostlarla da futbol oynayıram. Tənbəl olmamaq və idmandan uzaqlaşmamaq lazımdır”.

A.Məmmədov komandadakı gənclərin rekorda münasibətindən və yaşadığı ağır zədədən söz açıb:

“Gənclər zarafatla deyirlər ki, oyuna matçın sonlarında yox, daha tez daxil olsaydım, yaxşı olardı. Düşünürdüm ki, heç vaxt sürətim azalmayacaq. Amma insan yaşlandıqca cəldlik azalır. Məncə, bu, idmançının karyerasına təsir edən ən ciddi məsələlərdən biridir. Özünə nə qədər diqqət ayırsan da, istər-istəməz geriləyirsən. Buna baxmayaraq, meydanı görmə qabiliyyətim əvvəlki kimidir. Hətta bir müddət əvvəl keçirdiyimiz yoldaşlıq görüşündə 6 kilometr qaçmışdım. Həm də üzləşdiyim ən böyük problem 37 yaşında axill vətərimin qırılması oldu. Bu, idmanda ən ağır zədələrdən biridir. Bir çox idmançı bu zədədən sonra karyerasını bitirir. Lakin mən 4 ay yarımdan sonra yenidən yaşıl meydanlara qayıtdım. Yaş artdıqca dinamika azalsa da, yenə də əlimdən gələni edirəm. Məşqçilər şans versələr, 30 və ya 45 dəqiqə oynaya bilərəm”.

O, karyerasını bitirməyə hazırlaşdığını diqqətə çatdırıb:

“Mövsümün sonunda və ya qışda karyeramı başa vuracağıram. Məşqçilik üzrə A lisenziyası almaq üçün kurslarda oxuyuram. Təbii ki, gələcəkdə də futbolda qalmaq istəyirəm. Futbolsuz mənə çətin olar”.

Qeyd edək ki, Asif Məmmədov səkkizinci turda “Sabah”la ev matçının (0:4) son anlarında meydana daxil olaraq cari mövsümdə ilk dəfə şans qazanıb. O, 40 yaş 73 günlüyündə meydana çıxdığı qarşılaşma ilə Azərbaycan Premyer Liqasında son 18 mövsümün rekordunu qıraraq bu dövrdə oynayan ən yaşlı futbolçu olub.

İdman.Biz