Almaniyanın "Deutsche Presse-Agentur" (DPA) informasiya agentliyi “Sabah” və Dortmund “Borussiya”sı arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyununa böyük tamaşaçı marağı ilə bağlı xüsusi material hazırlayıb.
İdman.Biz xəbər verir ki, Almaniyanın “Welt” nəşrində dərc olunan “Dortmundun rəqibi tamaşaçı sayını necə 40 dəfə artırır?” sərlövhəli məqalədə “Sabah”ın Azərbaycan çempionatında və Çempionlar Liqasında keçirdiyi oyunların tamaşaçı sayı arasındakı kəskin fərqə diqqət çəkilib.
Almaniyalı jurnalistlərin məlumatına görə, “Sabah”ın ölkə çempionatında bir mövsüm ərzində keçirdiyi ev oyunlarını ümumilikdə təxminən 40 min azarkeş izləyir. Halbuki “Borussiya” ilə qarşılaşmada tribunaları 55 minə yaxın azarkeşin dolduracağı gözlənilir.
DPA qeyd edir ki, “Sabah”ın Masazırda keçirdiyi çempionat oyunlarını, əsasən, 1000-1500 tamaşaçı izləyir. Çempionlar Liqasında isə Bakı klubu rəqiblərini təxminən 68 min nəfərlik Bakı Olimpiya Stadionunda (BOS) qəbul edir.
Almaniyalı jurnalistlər stadionun 2021-ci ilin yayında AVRO-2020-nin dörd oyununa ev sahibliyi etdiyini də xatırladıblar. Arenanın xarici görünüşü Münhendəki məşhur “Allianz Arena” ilə müqayisə olunub.
Agentlik “Sabah”ın Çempionlar Liqasındakı əvvəlki oyununa da toxunub. Praqanın “Slaviya” klubuna qarşı keçirilən və Azərbaycan təmsilçisinin 2:0 hesablı tarixi qələbəsi ilə başa çatan matçı stadiondan təxminən 30 min tamaşaçı izləyib. Dortmund klubu ilə qarşılaşmada isə bu rəqəmin, demək olar ki, iki dəfə artacağı gözlənilir.
Məqalədə “Borussiya”nın baş məşqçisi Niko Kovaçın fikirlərinə də yer verilib. Xorvatiyalı mütəxəssis oyunöncəsi məşqdən sonra “Sabah”ın doğma azarkeşlərinin güclü dəstəyinə arxalana biləcəyini bildirib.
“Bu komanda burada, şübhəsiz ki, böyük dəstək görəcək”, - deyə Kovaç vurğulayıb.
Dortmund klubunun baş məşqçisi Azərbaycana ikinci səfəri ilə bağlı da müsbət fikirlər səsləndirib.
“Gözəl ölkədir. Hər kəsə tövsiyə edə bilərəm. Burada olmaq xoşdur”, - deyə mütəxəssis bildirib.
DPA-nın müşahidələrinə görə, Bakıda keçirilən Çempionlar Liqası oyunları təşkilati miqyasına və tamaşaçı marağına görə milli komandaların qarşılaşmalarını xatırladır.
Almaniya agentliyi “Sabah” klubunun mövqeyinə də yer ayırıb. Klubdan bildirilib ki, bilet satışı ilkin gözləntiləri və planlaşdırılan göstəriciləri xeyli üstələyib.
Məqalənin sonunda almaniyalı jurnalistlər noyabrın 25-də Bakıda daha bir Avropa nəhənginin – İspaniyanın “Barselona” klubunun qonaq olacağını xatırladıblar.
Qeyd edək ki, “Sabah” - “Borussiya” qarşılaşması bu gün, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
