Bernard Lippert: “Sabah”da özünəinam artıb, “Borussiya” isə ideal formasından uzaqdır”

20 Oktyabr 2026 14:27
119
Bernard Lippert: “Sabah”da özünəinam artıb, “Borussiya” isə ideal formasından uzaqdır”

“Sabah” komandasında özünəinam artıb, “Borussiya” isə son 2-3 oyunda ideal formasından uzaqdır”.

Bu barədə AFFA-nın sabiq texniki direktoru Bernard Lippert deyib.

Almaniyalı mütəxəssis Azərbaycan təmsilçisinin Dortmund komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının oyunu haqqında fikirlərini bölüşüb.

“Hər il autsayderlərin şans qazandığının şahidi oluruq. “Sabah”ın son matçdan sonra özünəinamı artıb, “Borussiya” isə son iki-üç həftədə ideal formasından uzaqdır. Kağız üzərində Almaniya təmsilçisi favorit sayılsa da, “Sabah”ın nəsə etmək üçün yaxşı imkanı var”, - deyə o report.az-a açıqlamasında söyləyib.

O, ilin əvvəlində “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində digər Almaniya təmsilçisi “Ayntraxt”ı (Frankfurt) məğlub etdiyini (3:2) xatırladıb:

“Həmin oyuna görə Bakıya gəlmişdim. “Sabah”da ehtiras və qalib gəlmək istəyi olarsa, hər şey mümkündür. Çünki Çempionlar Liqası onlar üçün ilk dəfədir və yeni bir macəradır. Dortmund klubu ilə sıx əlaqəm yoxdur. Almaniyaya da çox səfər edə bilmirəm. “Sabah”a matçda uğurlar arzulayıram. Hazırda FIFA-da çalışıram və 15 yaşadək futbolçular arasında keçiriləcək turnirlə bağlı çərşənbə günü Bakıda olacağam”.

Xatırladaq ki, “Sabah” - “Borussiya” oyunu bu gün, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

İdman.Biz