Türkiyə millisində baş məşqçi dəyişikliyi gündəmdədir. Vinçentso Montellanın ayrılmasından sonra Türkiyə Futbol Federasiyası (TFF) Sergen Yalçınla prinsipial razılığa gəlib.
İdman.Biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, son olaraq “Beşiktaş”ı çalışdırmış 53 yaşlı mütəxəssisin federasiyanın rəsmi təklifini qəbul etdiyi bildirilir.
Məlumata görə, TFF-nin bu gün Sergen Yalçının Türkiyə millisinin yeni baş məşqçisi olduğunu rəsmən açıqlaması gözlənilir. Təcrübəli mütəxəssisin müqavilə imzalamaq üçün Riva bölgəsinə getməsi planlaşdırılır.
“Sabah” qəzetinin məlumatına əsasən, ilkin danışıqlar zamanı Yalçın əməkhaqqı ilə bağlı heç bir tələb irəli sürməyib.
“Söhbət milli komandadan gedir. Pul məsələsində hər hansı tələb irəli sürməyim mümkün deyil”, - deyə mütəxəssisin danışıqlar zamanı bildirdiyi qeyd olunur.
Qeyd edək ki, Montellanın ayrılmasından sonra Türkiyə Futbol Federasiyası baş məşqçi postu üçün Arda Turan, Samet Aybaba və Abdullah Avcının da namizədliyini nəzərdən keçirib. Arda Turan isə “Şaxtyor”dakı fəaliyyətini davam etdirmək istədiyini bildirib.
