Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasında oyunçu dəyişikliklərinin matçların nəticələrinə təsiri ilə bağlı analitik hesabat yayımlayıb.
İdman.Biz UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnirin Liqa mərhələsinin ikinci turunda sonradan meydana daxil olan futbolçular 18 qol vurub və 19 məhsuldar ötürmə veriblər. İlk göstərici Çempionlar Liqasının bir turu üzrə rekordun təkrarı, ikinci göstərici isə yeni rekord olub.
İkinci turun qarşılaşmalarında ümumilikdə 78 qol qeydə alınıb ki, bu da yarış tarixində rekord nəticədir. Qolların 23 faizi ehtiyatdan meydana çıxan futbolçuların payına düşüb. Müqayisə üçün, ötən mövsüm bu göstərici 16 faiz təşkil edib.
Əvəzetmələrin təsiri xüsusilə Madrid “Real Madrid”in “Roma” üzərində 4:3 hesablı qələbə qazandığı görüşdə özünü göstərib. Sonradan meydana daxil olan Karlos Espi və Endrik fərqlənib, Arda Güler isə iki məhsuldar ötürmə ilə yadda qalıb.
Maraqlıdır ki, İspaniyanın beş klubunun hamısı sonradan meydana çıxaraq qol vuran futbolçuların köməyi ilə qələbə qazanıb.
Digər diqqətçəkən nümunə London “Arsenal”ın “Lill” üzərində 3:0 hesablı qələbəsidir. Oyunun gedişində meydana daxil olan Bukayo Saka əvvəlcə Ebereçi Ezeyə qol ötürməsi verib, daha sonra özü fərqlənib.
“Mançester Yunayted”in sabiq baş məşqçisi, hazırda UEFA-nın texniki müşahidəçisi olan Ule-Qunnar Sulşer bildirib ki, vaxtında edilən əvəzetmələr rəqibin zəif cəhətlərindən, xüsusilə də futbolçuların fiziki yorğunluğundan istifadə etməyə imkan yaradır.
UEFA mütəxəssislərinin qiymətləndirməsinə görə, ehtiyat oyunçuların təsiri müasir Çempionlar Liqasında mühüm taktiki amillərdən birinə çevrilir.
