İspaniya Kral Futbol Federasiyası (RFEF) oktyabrın 24-dən 30-dək Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək milli komandanın heyətini açıqlayıb.
İdman.Biz RFEF-in rəsmi saytına istinadən xəbər verir ki, İspaniya yığmasının heyətinə ölkənin aparıcı klublarının akademiyalarını təmsil edən 14 futbolçu daxil edilib.
Madridin “Real”ı, “Barselona” və “Betis” komandalarının hərəsi yığmaya üç futbolçu göndərib. “Valensiya” iki, Madridin “Atletiko”su, “Vilyarreal” və “Espanyol” isə hərəsi bir oyunçu ilə təmsil olunacaq.
Heyətdə diqqət çəkən futbolçulardan biri “Valensiya”nın müdafiəçisi Yulian Moskeradır. O, Londonun “Arsenal” klubunda çıxış edən və İspaniya millisinin üzvü olan Kristian Moskeranın kiçik qardaşıdır.
Milli komandanın heyətini baş məşqçi Ernan Peres müəyyənləşdirib. Lakin Bakıdakı turnirdə yığmaya David Qordo rəhbərlik edəcək. Buna səbəb Peresin həmin tarixlərdə Avstriyada keçiriləcək UEFA İnkişaf Turnirində İspaniyanın U-16 millisinin baş məşqçisi kimi fəaliyyət göstərməsidir.
İspaniyalı futbolçular oktyabrın 20-də Las-Rosasdakı federasiya bazasında toplaşacaq, oktyabrın 22-də isə Azərbaycana yola düşəcəklər.
Qrup mərhələsində İspaniya yığması oktyabrın 24-də Çili, oktyabrın 25-də Konqo və Tacikistan, oktyabrın 26-da isə Barbados və Küveyt komandaları ilə qarşılaşacaq.
Turnir qeyri-adi formatda – səkkiz nəfərlik komandalar arasında keçiriləcək. Hər oyun 20 dəqiqəlik iki hissədən ibarət olacaq. Görüşlər Hövsan İdman Kompleksində və Bakı Kristal Zalında təşkil ediləcək.
