PSJ-nin yarımmüdafiəçisi Vitinya UEFA Çempionlar Liqasının əsas mərhələsində “Barselona” ilə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, portuqaliyalı futbolçu Kataloniya təmsilçisinin yarımmüdafiə xəttini yüksək qiymətləndirərək komandalar arasında maraqlı taktiki mübarizə gözlədiyini bildirib.
Vitinya oyunöncəsi mətbuat konfransında qarşılaşmanın əhəmiyyətindən danışıb. O, bu matçın vacib olmasına baxmayaraq, nəticənin komandaların mövsümünə həlledici təsir göstərməyəcəyini vurğulayıb.
“Hələ oktyabr ayıdır. Mövsüm ərzində vəziyyətin nə qədər dəyişə biləcəyini yaxşı bilirik. Oktyabrda baş verənlər martda tamamilə fərqli görünə bilər.
Bununla belə, hazırda bu, oynaya biləcəyiniz ən yaxşı matçlardan biridir. Avropanın ən güclü iki komandası üz-üzə gələcək. Düşünürəm ki, çox maraqlı oyun olacaq. Həm komandamız, həm də mən bu qarşılaşmanı səbirsizliklə gözləyirik”, - deyə o bildirib.
PSJ-nin yarımmüdafiəçisi bu matçın komandanın hazırkı səviyyəsini qiymətləndirmək baxımından da əhəmiyyətli olduğunu qeyd edib.
“Bu, böyük oyundur. Həlledici olmasa da, bizi çox motivasiya edir. Mövsümün bu mərhələsində hansı səviyyədə olduğumuzu görmək istəyirik”, - deyə Vitinya əlavə edib.
O, “Barselona”nın yarımmüdafiə xəttini də xüsusi vurğulayıb, rəqibin texniki imkanlarını yüksək qiymətləndirib və topa nəzarət uğrunda çətin mübarizə gözlədiyini bildirib.
“Barselona”nın inanılmaz yarımmüdafiə xətti var. Onların oyun tərzini çox bəyənirəm. Oyuna hansı komandanın nəzarət edəcəyini görmək maraqlı olacaq. Çünki hər iki tərəf rəqibə təzyiq göstərmək və topa sahib olmaq istəyir. Bu da qarşılaşma ərzində boş zonaların yaranmasına səbəb olacaq”, - deyə portuqaliyalı futbolçu vurğulayıb.
Hər iki komanda hücumameyilli və topa nəzarətə əsaslanan futbolu ilə seçilir. Buna görə də yarımmüdafiədəki mübarizə qarşılaşmanın taleyini müəyyənləşdirən əsas amillərdən biri ola bilər.
Qeyd edək ki, PSJ ilə “Barselona” arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu bu gün, oktyabrın 20-də Parisdə keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
