14 yaşında qardaşının oyununa baxmağa getdi, hakim kimi meydana çıxdı

19 Oktyabr 2026 13:43
133
14 yaşında qardaşının oyununa baxmağa getdi, hakim kimi meydana çıxdı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Sabah” Almaniyanın “Borussiya” (Dortmund) komandasını qəbul edəcək. Qarşılaşmanın baş hakimi ispaniyalı Xavyer Alberola Roxas olacaq.

İdman.Biz xəbər verir ki, 35 yaşlı referi ilk dəfə Azərbaycan təmsilçisinin oyununa təyinat alıb. Ona həmyerliləri Alfredo Rodriges Moreno və Karlos Alvares Fernandes kömək edəcəklər. Dördüncü hakim Viktor Qarsiya Verdura, VAR hakimi Sesar Soto Qrado, onun köməkçisi isə Valentin Qomes olacaq.

Alberola Roxas 2017-ci il avqustun 26-da “Levante” - “Deportivo” matçında debüt edərək İspaniya çempionatının yüksək liqasında hakimlik etməyə başlayıb. 2024-cü ildən beynəlxalq oyunlara təyinat alan referi 2025-ci ildə UEFA-nın birinci kateqoriyalı hakimləri sırasına daxil edilib.

İspaniyalı hakimin karyerasının başlanğıcı maraqlı hadisə ilə bağlıdır. O, 14 yaşında Yunkosda qardaşının çıxış etdiyi komandanın yoldaşlıq oyununu tribunadan izləyərkən matça təyin olunmuş hakimin gəlmədiyini öyrənib. Təşkilatçılar oyunu idarə etmək üçün könüllü axtarıblar. Gənc Xavyer namizədliyini irəli sürüb və qarşılaşmanı idarə edib. Bundan sonra o, digər yoldaşlıq oyunlarına dəvət alıb və hakimlik kurslarına yazılıb.

Alberola Roxas 2026-cı il aprelin 18-də “Atletiko” və “Real Sosyedad” arasında keçirilən İspaniya Kubokunun finalını da idarə edib. Əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatan görüşdə “Real Sosyedad” penaltilər seriyasında qalib gəlib.

Qeyd edək ki, “Sabah” - “Borussiya” qarşılaşması oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

İdman.Biz
Məqalədə: