“Ferentsvaroş” “Neftçi”nin ulduzundan əl çəkmir: Macarıstanda yeni transfer cəhdi gündəmdədir

19 Oktyabr 2026 13:13
126
“Ferentsvaroş” “Neftçi”nin ulduzundan əl çəkmir: Macarıstanda yeni transfer cəhdi gündəmdədir

Bakının “Neftçi” futbol klubunun braziliyalı hücumçusu Breno Almeyda Macarıstanın “Ferentsvaroş” komandasının maraq dairəsindədir. Budapeşt təmsilçisi qış transfer pəncərəsində futbolçunu heyətinə qatmaq üçün növbəti cəhdini edə bilər.

İdman.Biz Macarıstan mətbuatına istinadən xəbər verir ki, “Ferentsvaroş” yay transfer pəncərəsində də 28 yaşlı braziliyalını heyətinə cəlb etməyə çalışıb. Lakin tərəflər arasında razılıq əldə olunmayıb. İddiaya görə, “Neftçi”nin baş məşqçisi Yuri Vernidub komandanın ən məhsuldar futbolçularından birinin ayrılmasına razılıq verməyib.

Macarıstan mediası Almeydanın mövsümün əvvəlindəki məhsuldarlığına da diqqət çəkib. Sözügedən xəbərlərin yayımlandığı vaxtadək hücumçu səkkiz rəsmi oyunda səkkiz qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

"Origo" nəşrinin məlumatına görə, “Ferentsvaroş”un baş məşqçisi Balazs Borbey komandasını braziliyalı cinah oyunçusu ilə gücləndirməkdə maraqlıdır. Bildirilir ki, Macarıstan çempionu qışda “Neftçi” ilə danışıqları yenidən başlada bilər.

Maraqlı məqamlardan biri də Breno Almeydanın hazırda “Neftçi”də macar futbolçu ilə birgə çıxış etməsidir. Söhbət yayda “Zalaegerseq”dən Bakı klubuna keçən 25 yaşlı Alen Şkribekdən gedir. Macarıstan nəşrləri bu məqamı da diqqətə çatdırıblar.

Breno Almeyda 2026-cı ilin fevralında Kiprin “Etnikos” klubundan “Neftçi”yə transfer olunub. Mövsümə uğurlu başlaması braziliyalı hücumçuya xarici klubların marağını artırıb və onun mümkün keçidini yenidən gündəmə gətirib.

İdman.Biz