“Futboldur, belə hallar olur”.
Bunu “İmişli” futbol komandasının kapitanı Azər Salahlı “Turan Tovuz” oyunundan (1:0) sonra idmanxeber.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Çətin rəqibə qarşı vacib qələbə qazandınız. Oyun haqqında fikirlərinizi bilmək istərdik?
– Matçın çətin keçəcəyini bilirdik. Çünki “Turan Tovuz” təkcə bu il yox, son illərdə yaxşı heyət formalaşdırıb. Biz də bir neçə oyundur qələbə qazana bilmirdik və bu, üzərimizdə ciddi təzyiq yaradırdı. Buna baxmayaraq, uşaqlar yaxşı oyun nümayiş etdirdilər və sonda layiqli qələbə qazandıq.
– Ardıcıl məğlubiyyətlərdən sonra baş məşqçi dəyişikliyi baş verdi və komanda qələbə qazandı. Bunun səbəbi nə idi?
– Bunu xüsusi bir səbəblə əlaqələndirməzdim. Fərid müəllimin də bu komandanın üzərində əziyyəti var. O, iki ay bizimlə birlikdə işləyib. Bu müddətdə müəyyən sistem, məşq və oyun üslubu üzərində çalışmışıq. Düşünürəm ki, onun da toxunuşları bu gün hiss olunurdu. Xüsusi bir məqamı qeyd etməzdim. Məşqçi dəyişikliyindən sonra belə hallar təkrarlanır. Nə vaxtsa qələbə qazanacaqdıq, bu da məhz bugünkü oyuna təsadüf etdi.
– Komandada Fərid müəllimlə bağlı hər hansı problem var idi? Onun göndərilməsindən sonra komandanın qələbə qazanması müxtəlif söz-söhbətlərə yol açır…
– Futboldur, belə hallar olur. Baş məşqçi göndərildikdən sonra komandada yeni canlanma yaranır və qələbə gəlir. Bu, bir çox komandada baş verir. Bizdə də belə oldu. Ancaq bunu sırf Fərid müəllimin komandada olub-olmaması ilə əlaqələndirməzdim.
– Qarşıda “İmişli”ni nisbətən daha asan təqvim gözləyir. “Sabah”, “Qarabağ”, “Neftçi” və “Turan Tovuz”la oyunlar artıq geridə qalıb. Növbəti matçlarda komandadan ardıcıl qələbələr gözləmək olar?
– Bildiyiniz kimi, bu turlarda ardıcıl olaraq çətin rəqiblərlə qarşılaşdıq. Düşünürəm ki, bugünkü oyun həmin çətin rəqiblərlə matçlar silsiləsinin sonuncusu idi. Çempionatımızda bütün oyunlar ağır keçir, xüsusilə də belə qarşılaşmalar. Növbəti turlarda daha yaxşı nəticələr əldə etmək üçün potensialımızın olduğunu düşünürəm və bunu reallaşdırmağa çalışacağıq.
