“Xetafe”nin prezidenti Anxel Torres “Real Madrid” futbol klubunun sabiq müdafiəçisi Serxio Ramosun transferində maraqlı olduqlarını bildirib.
İdman.Biz xəbər verir ki, klub prezidentinin açılamasını “AS” nəşri dərc edib.
“Onun qardaşı və agenti mənimlə danışıb. Ramos mümkün transferlər siyahımızdadır. O, komandamıza qoşula bilər. Artıq bir müddətdir ki, bu keçid üzərində işləyirik”, – deyə Anxel Torres bildirib.
Bununla belə, klub prezidenti baş məşqçi Xose Bordalasın ilk növbədə hücumun cinahlarını gücləndirmək istədiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda komandanın sərəncamında altı təcrübəli mərkəz müdafiəçisi var.
Qeyd edək ki, 40 yaşlı ispaniyalı futbolçunun son klubu Meksikanın “Monterrey” komandası olub. Ramos 2026-cı ilin yanvarında bu klubdan ayrılıb. O, karyerası ərzində “Real Madrid”, “Sevilya” və PSJ-də çıxış edib.
